Xəbərlər
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalyada Əlillərin Bərpa Mərkəzi ilə tanış olub
Noyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin Antalya şəhərində Əlillərin Bərpa Mərkəzi ilə tanış olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı Əlillərin Bərpa Mərkəzində Türkiyənin birinci xanımı Əminə Ərdoğan qarşıladı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva, Cənubi Afrika Respublikasının birinci xanımı Tobeka Madiba Zuma, Zimbabvenin birinci xanımı Qreys Muqabe, Malayziya Baş nazirinin xanımı Rosma Mansor və digər qonaqlar mərkəzin fəaliyyəti ilə tanış oldular.
Əvvəlcə əlillərə diqqət və qayğıdan, onların cəmiyyətə inteqrasiyasından bəhs edən videoçarx nümayiş olundu.
Mərkəzdə müalicə olunan uşaqlar qonaqları özlərinə məxsus şəkildə mədəni proqramla qarşıladılar. Həssas təbəqənin nümayəndələri bir-birindən maraqlı çıxışlar etdilər.
Azərbaycanın birinci xanımına və digər qonaqlara Mərkəzin fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, bu müəssisə Türkiyədə əlillərin ən böyük bərpa mərkəzlərindən biridir. Burada uşaqlarla yanaşı, onların valideynləri ilə də maarifləndirici işlər aparılır. Mərkəzin başlıca məqsədlərindən biri əlil uşaqların cəmiyyətə inteqrasiyasını və onların sosial-iqtisadi həyatda daha yaxından iştirakını təmin etməkdir.
Qonaqlar mərkəzdə tədris prosesi ilə maraqlandılar.
Diqqətə çatdırıldı ki, burada əlillər üçün müxtəlif dərnəklər də fəaliyyət göstərir. Mərkəzdə fizioterapiya, nitqin inkişaf etdirilməsi, eşitmə, görmə problemi, zehni inkişaf çatışmazlıqları olan uşaqlara dəstək və s. proqramlar həyata keçirilir. Mütəxəssislərin fiziki və əqli problemləri olan yüzlərlə əlilin təlim-tərbiyəsi ilə gün ərzində məşğul olmaları üçün hər cür şərait var. Əlillər Mərkəzdə idmanla da məşğul olurlar.
Mərkəzdə əlillərin bərpa prosesi onların əlillik dərəcəsindən asılı olaraq müxtəlif mərhələlərlə həyata keçirilir. Müəssisədə müalicə alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir. Reabilitasiya prosesi ilə yanaşı, əlillərə mənəvi dəstək mərkəzin fəaliyyətində əsas yer tutur. Bu məktəbəqədər tibbi bərpa müəssisəsində əlillərin istedad və qabiliyyətlərinin üzə çıxarılması da diqqət mərkəzindədir. Mərkəzdə reabilitasiya keçənlərin bir çoxu əl işləri ilə seçilirlər.
Qonaqlar uşaqların əl işlərinə baxdılar.
Mərkəzlə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.