Xəbərlər
Vətən sevgisi və qəhrəmanlıq rəmzi

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Oktyabrın 25-də Qubadlı rayonunun işğaldan azad edilməsinin 5 ili tamam olur. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən bu Sərəncamda əksini tapan şəhər günlərinə diqqət yetirdikdə bir daha rəşadətli Ordumuzun qəhrəmanlığı, şücaəti ilə qürur duyuruq. 44 günlük İkinci Qarabağ müharibəsində hər günü tariximizə qələbə günü kimi yazan Silahlı Qüvvələrimiz Vətən, torpaq sevgisinin irəliyə doğru addımlarda nə qədər əhəmiyyətli rol oynadığını nümayiş etdirdi. Daim Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini gözləyən Azərbaycan əsgəri 27 sentyabr 2020-ci ildə aldığı bu tapşırığı şərəflə yerinə yetirərək addım-addım irəli getdi, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. 44 gündə elə bir gün olmadı ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza hansısa şəhərin, kəndin, strateji yüksəkliyin azad edilməsi müjdəsini çatdırmasın. Xalqımız daim ölkə Prezidentindən qələbə müjdələrini gözlədi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin 29-cu günündə, 25 oktyabr tarixində özünün rəsmi “Twitter” səhifəsindəki paylaşımında xalqa bu müjdəni çatdırdı ki, bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! 26 oktyabrda xalqa müraciətində Azərbaycan Ordusunun müharibənin başladığı gündən daim irəliyə doğru getməsindən böyük qürurla bəhs edən dövlətimizin başçısı vurğuladı ki, indi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə diqqətə çatdıracağam: “Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!”
Artıq o günlərdən bizi beş illik zaman ayırır. Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin, xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı oldu. Tarixi Zəfərimizdən üç il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Dövlətimizin başçısı İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamına əsasən şəhər günlərimizin siyahısı daha da genişləndi. Bu sıraya Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri də daxil oldu. Bu gün tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqları yaşayırıq.
Hazırda işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Qubadlı da özünün xoşbəxt günlərini yaşayır. Bərpa-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı olmuşdur. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib.
Qubadlının Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur. Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur. Rayonun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Tezliklə sakinlərinə qovuşan şəhərlərimizin siyahısında Qubadlı şəhərinin də adını görəcəyik.