Xəbərlər
Misirin sabiq naziri: Azərbaycanda insan hüquqları sahəsində çox iş görülüb
Azərbaycanda insan hüquqları sahəsində son zamanlar çox iş görülüb. Ölkənizin Ombudsmanı və bu sahədə fəaliyyət göstərən digər təşkilatları ilə dünyanın müvafiq qurumları arasında yaxşı əlaqələr var. Mən Bakıda keçirilən konfransda bunun bir daha şahidi oldum.
Bu sözləri “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda ombudsmanların XIII Bakı beynəlxalq konfransının iştirakçısı, Misirin sabiq informasiya naziri, İnsan Hüquqları üzrə Milli Şuranın sədri Məhəmməd Faiq AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Bakıya artıq ikinci dəfə səfər etdiyini xatırladan misirli qonaq ötən beş ildə burada bir çox müsbət dəyişikliklərin, inkişafın baş verdiyini deyib.
Azərbaycan Respublikası Konstitusiyasının 20 illik, BMT-nin və UNESCO-nun 70 illik yubileylərinə həsr olunan konfransda müzakirəyə çıxarılan məsələlərin aktuallığını, insan hüquqları sahəsindəki məsələləri tam əhatə etdiyini bildirən sabiq nazir konfransdakı məruzəsində BMT-nin qarşıdakı 15 il üçün müəyyənləşdirdiyi yeni hədəflərin və vəzifələrin həyata keçirilməsində insan hüquqları üzrə milli institutların əhəmiyyətli rolunu vurğulayıb. Həmçinin 17 hədəfdən ibarət olan bu beynəlxalq proqramın uğurla yerinə yetirilməsində terrorun ən böyük maneə olduğunu diqqətə çatdırıb, onu insan hüquqlarının pozulmasının ən pis örnəyi kimi səciyyələndirib, bütün dövlətlərin terrorizmə qarşı birlikdə mübarizə aparmasının zəruriliyini qeyd edib.
Müsahibəsinin sonunda Məhəmməd Faiq Azərbaycan Konstitusiyasının insan hüquqları ilə bağlı məsələləri tam əhatə etdiyini bildirib.