YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlıq

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Müstəqillik illərində Azərbaycan türkdilli dövlətlərlə əlaqələrini yüksələn xətlə inkişaf etdirmək siyasətini ardıcıl şəkildə həyata keçirib. Bu siyasətin mərkəzində vahid türk ailəsinə yaxınlaşmaq, ortaq tarix, dil və mədəni dəyərlər üzərində qurulmuş birliyə töhfə vermək dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) mühüm təşəbbüslərlə çıxış edir, təşkilatın gələcək inkişaf xəttini müəyyənləşdirən strateji istiqamətləri formalaşdırır. Azərbaycanın bu istiqamətdə göstərdiyi siyasi iradə təkcə regional maraqlarla məhdudlaşmır, eyni zamanda Türk dünyasının qlobal güc mərkəzinə çevrilməsinə xidmət edir.

Azərbaycan və Qazaxıstan münasibətləri bu ümumtürk həmrəyliyinin parlaq nümunəsidir. Hər iki ölkə arasında formalaşan əlaqələr qarşılıqlı etimad, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin son üç ildə Qazaxıstana yeddi dəfə səfər etməsi və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəfələrlə Azərbaycana gəlməsi dövlətlərimiz arasında münasibətlərin intensivliyini və səmimiliyini nümayiş etdirir. Bu görüşlər yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi ilə kifayətlənmir, eyni zamanda Türk Dövlətləri Təşkilatı daxilində birliyin daha sıx inteqrasiyasına şərait yaradır.

Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri regional sabitlik və inkişaf baxımından nümunəvi model kimi dəyərləndirilir. İki ölkə arasında mövcud olan dərin tarixi, dini və mədəni bağlar bu əlaqələrin təbii zəminini təşkil edir. Qazaxıstanın Füzuli şəhərində inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaşlığın bariz göstəricisidir. Prezident Kasım-Jomart Tokayevin dediyi kimi, bu əməkdaşlıq yalnız xoş sözlər üzərində deyil, real işlər və qarşılıqlı faydalı layihələr üzərində qurulub. Məhz bu praktiki yanaşma iki dövlət arasında münasibətləri daha da möhkəmləndirir.

İqtisadi sahədə də tərəflər ardıcıl və məqsədyönlü addımlar atır. Hazırda Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın şirkətin fəaliyyət göstərməsi qarşılıqlı etimadın göstəricisidir. Azərbaycan tərəfindən Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan tərəfindən isə ölkəmizə 136 milyon dollarlıq investisiya qoyulub. Bu rəqəmlər iqtisadi əməkdaşlığın dayanıqlı xarakter daşıdığını və gələcəkdə daha böyük layihələr üçün möhkəm zəmin formalaşdığını göstərir. İkitərəfli ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamika da bu tərəfdaşlığın iqtisadi səmərəsini təsdiqləyir.

Azərbaycanın Mərkəzi Asiya regionuna yönəlmiş siyasətində Qazaxıstan xüsusi yer tutur. Prezident İlham Əliyevin region ölkələri ilə intensiv təmasları, qarşılıqlı səfərlər və strateji sənədlərin imzalanması nəticəsində bölgədə yeni əməkdaşlıq platformaları yaranıb. Azərbaycan və Qazaxıstan arasında imzalanmış təxminən 170 sənəd siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə etməklə geniş hüquqi bazanı formalaşdırır. Bu sənədlər yalnız bugünkü əməkdaşlıq mexanizmini deyil, eyni zamanda gələcək onilliklər üçün də etibarlı inkişaf xəritəsini müəyyən edir.

Bütün bu reallıqlar fonunda Azərbaycan-Qazaxıstan münasibətləri Türk dünyasının birliyinə, həmrəyliyinə və birgə inkişafına güclü təkan verir. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev arasında formalaşan etimad və dostluq mühiti dövlətlərarası əlaqələrin lokomotivi rolunu oynayır. Ortaq soykök, dil və mədəniyyət üzərində qurulan bu münasibətlər təkcə iki xalqın rifahına deyil, bütövlükdə Türk dünyasının gələcəyinə yönəlmiş strateji hədəflərin reallaşmasına xidmət edir. Azərbaycan bu istiqamətdə öz lider rolunu qoruyur və Türk birliyinin möhkəmlənməsi naminə fəaliyyətini ardıcıl şəkildə davam etdirir.