Xəbərlər
YAP Qaradağ rayon təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında rayonun Ələt, Səngəçal, Qobustan, Qızıldaş, Müşfiqabad, Puta, Korgöz, Ümid və Çeyildağ qəsəbələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyətdən, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunmasından və ölkənin ciddi təhdidlərlə üz-üzə qalmasından bəhs edib. O bildirib ki, belə bir dövrdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası 1993-cü ildə Ulu Öndərin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilərək müasir müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayıb.
İlqar İlyasov vurğulayıb ki, bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm uğurlar qazanır. Onun sözlərinə görə, bu nailiyyətlərdə YAP-ın Mərkəzi Aparatının, yerli təşkilatlarının, eləcə də ərazi partiya təşkilatlarının səmərəli fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Rayon ərazisində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının həm rayon təşkilatının işində, həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyi diqqətə çatdırılıb.
Rayon təşkilatının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, siyasi-ideoloji fəaliyyət və təbliğat işinin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışaraq bildirib ki, YAP Qaradağ rayon təşkilatı da qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edir.
Müzakirələr zamanı çıxış edən ərazi partiya təşkilatlarının rəhbərləri verilən tapşırıq və tövsiyələrin icrası istiqamətində məsuliyyətlə fəaliyyət göstərəcəklərini bildiriblər. Onlar partiya üzvlərinin fəallığının artırılması, dövlətçilik ideyalarının təbliği və həyata keçirilən layihələrdə daha aktiv iştirakın təmin olunması istiqamətində səylərini davam etdirəcəklərini vurğulayıblar.
