YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

25 oktyabr - Qubadlı Şəhər Gününü qeyd edirik. Qubadlı rayonunun işğaldan azad edilməsindən beş il keçir. Rayonun işğal tarixinə nəzər salaq. 1988-ci ildən başlayaraq Еrmənistanla  və Dağlıq Qarabağla  sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.

25 oktyabr tarixi 44 günlük İkinci Qarabağ  müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.

Dövlət başçısı İlham Əliyevin bu müddət ərzində  rayona etdiyi  4 səfərin hər biri  mühüm addımların atılması ilə yadda qalıb. Belə ki,  2020-ci ilin 23 dekabr tarixində ilk səfəri Azərbaycan Bayrağının ucaldılması ilə tariximizə yazıldı. Cənab İlham Əliyevin növbəti üç səfərində Xanlıq-Qubadlı yolunun, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimi keçirildi. “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı, “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq oldu. Dövlətimizin başçısı İlham Əliyev 2021-ci il 25 oktyabr tarixində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bu reallığı böyük qürur hissi ilə qeyd etdi ki, biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq. Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin ilk günündən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulacağını, soydaşlarımız üçün ən yüksək yaşayış şəraitinin yaradılacağını bildirdi. Bu gün bütün işlər bu hədəfə yönəlib. Bütün işğaldan azad edilmiş ərazilərimiz Baş plan əsasında bərpa edilir. Baş planda  hər bir rayonun malik olduğu resurslar nəzərə alınaraq görüləcək işlər öz əksini tapıb. Qubadlı rayonu füsunkar təbiətə malik olan rayondur. Faydalı qazıntılarla zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taхıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlar idi. Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Əsas əkin sahələri “Gəyən” və “Yazı” düzlərində, dağ ətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşirdi.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapan hədəflər hər bir bölgənin  malik olduğu imkanlardan səmərəli istifadəyə geniş imkanlar açır. Gələcəkdə bütün işğaldan azad edilmiş ərazilərimiz bu imkanlara uyğun olaraq Azərbaycanın dayanıqlı inkişafına davamlı töhfələr verəcəklər.