Xəbərlər
Qarşılıqlı etimad və strateji tərəfdaşlıq

Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri
Dost və qardaş ölkələr Azərbaycan və Qazaxıstanı ortaq mədəni və tarixi köklər, möhkəm qardaşlıq münasibətləri birləşdirir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın Qazaxıstanda səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə fəaliyyətin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən təşəbbüslərdən bəhs edib. Azərbaycan–Qazaxıstan münasibətləri yalnız coğrafi yaxınlıqla deyil, ortaq dəyərlər və strateji məqsədlərlə formalaşan regional əməkdaşlıq nümunəsidir. Ölkə başçısı həmin müsahibədə bu münasibətlərin nə qədər dərin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi.
Son onilliklərdə iki qardaş ölkə arasında 170-dən çox sənəd imzalanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Bu il Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin 20 illiyi qeyd olunur. Ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar–avqust aylarında isə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artaraq 547 milyon dollara çatıb.
Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat-logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan 20-dən çox logistika və liman operatorunun birləşməsi daşımaları daha səmərəli edərək çatdırılma müddətini 38 gündən 19 günə endirib. Qazaxıstan hazırda Azərbaycan ərazisindən Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə ildə 1,5 milyon ton neft ixrac edir. Azərbaycan isə 2027-ci ilə qədər bu göstəricini 7 milyon tona çatdırmağı hədəfləyir.
Ekspertlərin fikrincə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas tranzit marşrutuna çevrilməkdədir və burada Azərbaycanla Qazaxıstanın rolu həlledicidir. 2022-ci ildə Aktauda imzalanmış “Orta Dəhlizin inkişafına dair 2022–2027-ci illər üçün Yol Xəritəsi” bu sahədə sistemli inteqrasiyanın əsas sənədidir.
Azərbaycanla Qazaxıstan arasında yaradılmış Birgə İnvestisiya Fondu 300 milyon dollarlıq nizamnamə kapitalı ilə qarşılıqlı investisiya mühitinin genişlənməsinə xidmət edir. Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 136 milyon dollar investisiya yatırıb. Qazaxıstan, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə də qardaş dəstəyini göstərib. İşğaldan azad edilmiş Füzuli rayonunda inşa edilərək istifadəyə verilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi bunun bariz nümunəsidir.
İki qardaş ölkə Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA kimi təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir.
Hər iki ölkənin liderləri mətbuata verdikləri birgə bəyanatlarda bildiriblər ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı vurğulayıb: “Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və, təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.
Prezident Kasım-Jomart Tokayev də Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir: “Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq, onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”.
Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlər məhz qardaşlıq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq prinsipləri əsasında inkişaf edir.