Xəbərlər
Sülh, sabitlik və inkişaf

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan ilə Qazaxıstan arasında siyasi və diplomatik münasibətlər uzun illərə söykənən dostluq və qardaşlıq prinsipləri üzərində formalaşmışdır. Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” informasiya agentliyinə müsahibəsində bu münasibətlərin strateji əhəmiyyəti və inkişaf perspektivləri ətraflı şəkildə dəyərləndirilib. Prezidentin vurğuladığı kimi, iki ölkə arasında əməkdaşlıq sadəcə rəsmi münasibətlər səviyyəsində deyil, həm də dərin tarixi-mədəni bağlara, ortaq türk kimliyinə və qarşılıqlı etimada əsaslanır.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr qarşılıqlı inam və yüksək səviyyəli dialoq əsasında inkişaf edir. Prezident son üç il ərzində Qazaxıstana yeddi səfərinin baş tutduğunu vurğulayaraq, bunun hər iki ölkə rəhbərliyi arasında intensiv əlaqələrin və qarşılıqlı siyasi iradənin göstəricisi olduğunu bildirib. Belə sıx təmaslar yalnız ikitərəfli münasibətlərin deyil, həm də regional proseslərdə koordinasiyanın möhkəmləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev müsahibəsində Türk Dövlətləri Təşkilatının rolunu da xüsusi qeyd etmişdir. Hər iki ölkə bu təşkilat çərçivəsində aktiv şəkildə iştirak edir, ortaq tarixi və mənəvi köklərə əsaslanan əməkdaşlığı yeni səviyyəyə qaldırmaq üçün konkret təşəbbüslər irəli sürür. Prezident bildirib ki, Türk dünyasında birliyin gücləndirilməsi üçün aparılan birgə siyasət həm mədəni, həm siyasi, həm də iqtisadi sahədə mühüm nəticələr verir. Bu çərçivədə qəbul edilən qərarlar və icra olunan layihələr türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə xidmət edir.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində Qazaxıstanın daim nümayiş etdirdiyi prinsipial mövqe isə ölkələrarası etimadın daha da möhkəmlənməsinə səbəb olub. Prezident Əliyev bu dəstəyi yüksək qiymətləndirdiyini bildirərək, qeyd etmişdir ki, müstəqillik, ərazi bütövlüyü və beynəlxalq hüququn aliliyi prinsiplərinə hörmət regional sabitliyin əsasını təşkil edir.
Müsahibədə Azərbaycan ilə Qazaxıstan arasında parlamentlərarası və hökumətlərarası əlaqələrin də aktiv şəkildə inkişaf etdiyi diqqətə çatdırılıb. İki ölkənin qanunverici orqanları arasında dostluq qrupları və əməkdaşlıq formatları mövcuddur. Eyni zamanda, birgə hökumətlərarası komissiyalar vasitəsilə müxtəlif sahələrdə əməkdaşlığın hüquqi bazası genişləndirilir və praktiki tədbirlər reallaşdırılır.
Diplomatik nümayəndəliklərin fəaliyyəti də ölkələrarası münasibətlərin gücləndirilməsində mühüm rol oynayır. Hər iki ölkənin paytaxtlarında səfirliklərin uğurlu fəaliyyəti, eləcə də müvafiq sahələrdə peşəkar diplomatların iş birliyi siyasi dialoqun ardıcıllığını təmin edir.
Prezident İlham Əliyev çıxışında bu münasibətlərin strateji xarakter daşıdığını xüsusi qeyd etmiş və bildirib ki, hazırkı səviyyə sadəcə tarixi və mədəni amillərə deyil, eyni zamanda güclü siyasi iradəyə, qarşılıqlı maraqlara və ortaq gələcəyə söykənir. İki ölkə regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında ortaq məsuliyyət daşıyır və bu istiqamətdə təşəbbüskar mövqe tutur.