Xəbərlər
Mingəçevirdə Müstəqilliyinin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil olunub
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə 18 Oktyabr – Müstəqilliyinin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dəyirmi masada çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa edib. Müstəqilliyimizin bərpası ölkəmizə dünyəvi dövlət qurmaq və beynəlxalq aləmdə layiqli yerini tutmaq imkanı yaratdı. Bu illər ərzində ölkəmizdə uğurlu daxili və xarici siyasət həyata keçirilib, dövlətçiliyimiz möhkəmlənib, iqtisadiyyatımız sürətlə inkişaf edib, mədəniyyətimiz daha da zənginləşib.
Müstəqilliyimizin ilk illərində ölkə siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti ilə üzləşmişdi. Lakin 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, ictimai-siyasi sabitlik bərpa edildi.
B.Mustafayev qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı inkişaf edir. Enerji sektorunun gücləndirilməsi, sənaye zonalarının yaradılması, aqrar və ordu quruculuğu sahəsində aparılan islahatlar ölkənin dayanıqlı inkişafını təmin edib. Bütün bunlar ölkəmizin dünya miqyasında nüfuzunu artırıb və Azərbaycan regionda lider dövlətə çevrilib.
Xüsusilə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunub və ərazi bütövlüyümüz bərpa edilib. 2023-cü ilin 19 sentyabr tarixində lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam şəkildə bərpa olunub. Artıq Azərbaycanın üçrəngli bayrağı ölkənin bütün ərazilərində dalğalanır.
Dəyirmi masada YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Rauf Qafarov, təşkilatın məsləhətçisi Ülviyyə İsmayılova, partiya fəalları Rəşad Quliyev və Mahnur Ömərova “Azərbaycan gəncliyinin ən böyük xilaskarı Heydər Əliyev heç zaman unudulmayacaq” mövzusu ətrafında fikirlərini bölüşüblər.
