Xəbərlər
Nərimanov rayonunda partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Ziya Bünyadov küçəsi, 1965” ünvanı üzrə ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və sosial-iqtisadi inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan möhtəşəm Zəfər və işğaldan azad olunmuş torpaqların geri qaytarılması dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Bildirilib ki, məhz Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında və milli maraqların qorunmasında mühüm rol oynayıb və bu missiyanı bu gün də uğurla davam etdirir.
Daha sonra təşkilati məsələlərə baxılıb. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur İbrahimov ərazi partiya təşkilatının sədri seçilib.