Xəbərlər
Ağcabədidə Müstəqilliyin Bərpası Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi “Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı” ilə xalqımız öz suverenliyinə qovuşub, müstəqilliyimiz bərpa edilib.
O qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi məhz Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası sayəsində mümkün olub. Bu gün onun müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə mühüm nailiyyətlər əldə edib.
Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev, 9 saylı ərazi partiya təşkilatının sədri Rizvan Quliyev və Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Aysel Əlizadə çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinin və dönməzliyinin məhz Ulu Öndər Heydər Əliyevin siyasi irsi ilə bağlı olduğunu vurğulayıblar.
Sonra rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup partiya veteranına fəxri fərman və yubiley hədiyyələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.