Xəbərlər
"Vətənə Hazıram - Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi”

14–17 oktyabr tarixlərində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı, Bakı Gənclər Mərkəzi və Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətənə Hazıram – Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə həyata keçirilib.
Layihənin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş nitqi ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirakçıları salamlayaraq layihənin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, bu təşəbbüs gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, hərbi hazırlıq səviyyəsinin artırılması və liderlik keyfiyyətlərinin formalaşması baxımından mühüm addımdır.
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva bildirib ki, layihə çərçivəsində iştirakçı gənclər Azərbaycan Ordusu haqqında ilkin nəzəri və praktiki biliklərə yiyələnəcək, eyni zamanda intizam və komanda bacarıqlarını inkişaf etdirəcəklər.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov belə tədbirlərin gənclərdə milli-mənəvi dəyərlərə sədaqət və Vətənə bağlılıq hissinin güclənməsində mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu cür layihələr gələcək nəsillərin dövlətinə və ordusuna sədaqətli, güclü və məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir.
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə və təşkilatın üzvü Seymur Aslanov isə hərbi nizamnamə və intizamın əsasları, əməliyyat taktikasına giriş və qərarvermə üsulları barədə danışıblar.
Layihənin ikinci və üçüncü günlərində gənclər Milli Müdafiə Universitetinin nəzdindəki Təlim və Tədris Mərkəzində olublar. İştirakçılar hər biri 5 nəfərdən ibarət olmaqla 5 komandaya bölünüb və “Atəş hazırlığı”, “Hərbi topoqrafiya” və “Trenajorlar” bölmələrində nəzəri və praktiki biliklər qazanıblar. Bununla yanaşı, hərbi texnika və avadanlıqlarla tanış olub, sağlamlıq, təhlükəsizlik və təxliyə qaydaları barədə maarifləndirici məlumatlar əldə ediblər.
Təlimlərdən sonra gənclər 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təşkil olunmuş konsert proqramını izləyiblər.
Layihənin sonuncu – dördüncü günündə iştirakçıların komanda və fərdi bacarıqları əsasında qiymətləndirmə aparılıb. Sonda müvafiq olaraq I, II və III yerlərin qalibləri elan olunub və layihədə iştirak edən bütün gənclərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, layihədə Bakı Gənclər Mərkəzinin könüllüləri və Sabunçu rayonu ərazisində fəaliyyət göstərən kolleclərin tələbələri fəal iştirak ediblər.