YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir dəniz, iki qardaş dövlət

Elnarə Akimova

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə təkcə iki ölkə arasında siyasi münasibətlərin konturlarını deyil, həm də Türk dünyasının gələcək inteqrasiya xəritəsini cızan strateji sənəd kimi dəyərləndirilə bilər. Bu müsahibə həm regional siyasətin, həm iqtisadi əməkdaşlığın, həm də mənəvi birliyin dərin fəlsəfi mənzərəsini təqdim edir.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Qazaxıstanı birləşdirən tellər sadəcə diplomatik münasibətlərdən ibarət deyil — bu bağlar ortaq tarix, mədəniyyət, dil, türk kimliyi və qardaşlıq duyğularının üzərində qurulub. İlham Əliyevin sözləri ilə desək, bu əlaqələr “qarşılıqlı etimada, mənəvi yaxınlığa və sarsılmaz dostluğa əsaslanan model”dir. Son illərdə bu münasibətlər təkcə siyasi səviyyədə deyil, iqtisadi, mədəni və humanitar müstəvilərdə də misilsiz dərinlik qazanıb.

Prezidentin müsahibəsində diqqəti cəlb edən əsas məqam – Azərbaycan və Qazaxıstan rəhbərləri arasında formalaşmış davamlı dialoq və qarşılıqlı etimad mühitidir. İlham Əliyev qeyd edir ki, son üç ildə onun Qazaxıstana bu, yeddinci səfəridir, eyni zamanda Prezident Kasım-Jomart Tokayev də altı dəfə Azərbaycana səfər edib. Bu intensiv əlaqələr göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq rəsmi diplomatiyanın çərçivəsini aşaraq səmimi, qarşılıqlı anlaşmaya söykənən qardaşlıq səviyyəsinə yüksəlib.

İqtisadi aspektdən baxdıqda, müsahibə konkret faktlarla zəngindir. 2025-ci ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi 547 milyon dollara çataraq, ötən ilin göstəricisini üç dəfə geridə qoyub. Bu dinamika, şübhəsiz, “Orta Dəhliz” adlanan nəhəng nəqliyyat layihəsinin uğurla reallaşması və Xəzər üzərindən yeni logistika marşrutlarının formalaşması ilə bağlıdır. İlham Əliyevin sözlərində iqtisadi əməkdaşlıq yalnız rəqəmlər deyil, strateji məqsədlərin ifadəsidir — bu, regionun vahid bazara çevrilməsi, Avropa ilə Asiya arasında yeni enerji və ticarət arteriyasının qurulması deməkdir.

Prezident həmçinin investisiya və sənaye əməkdaşlığının müsbət dinamikasını vurğulayır: Azərbaycanın Qazaxıstana yatırdığı kapital artıq 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana yatırımı 136 milyon dollara çatıb. Bu göstəricilər sadəcə iqtisadi göstəricilər deyil, qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın simvoludur.

Enerji və nəqliyyat sahəsindəki əməkdaşlıq da müsahibənin mühüm hissəsini təşkil edir. SOCAR və “KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə imzalanan saziş Xəzər hövzəsini strateji enerji dəhlizinə çevirir. Bununla yanaşı, Xəzərin dibi ilə çəkilən fiber-optik xətt layihəsi iki ölkəni rəqəmsal inteqrasiyanın avanqardına çıxarır. Bu, gələcəyin “rəqəmsal İpək Yolu” kimi dəyərləndirilə bilər.

Müsahibənin ən mənəvi və dərin qatlarından biri Türk Dövlətləri Təşkilatına (TDT) həsr olunan fikirlərdir. İlham Əliyev bu təşkilatı “Türk dünyasının həmrəyliyinin və birliyinin sütunu” adlandırır. O, TDT çərçivəsində keçirilən Şuşa və Qəbələ Zirvə Görüşlərini Türk dünyasının siyasi və mənəvi güc mərkəzinə çevrilməsinin sübutu kimi təqdim edir. Eyni zamanda, gələn il qeyd olunacaq Birinci Türkoloji Qurultayın 100 illiyinin bu təşkilat çərçivəsində təntənə ilə keçirilməsi planı, türk xalqlarının birliyinin ideoloji təməllərinə sadiqliyin bariz ifadəsidir.

Mədəni əlaqələrə gəldikdə, İlham Əliyev bu münasibətləri xalqlar arasında mənəvi yaxınlığın ən gözəl təzahürü kimi qiymətləndirir. O, Füzulidə Qazaxıstanın dəstəyi ilə inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini “qardaşlığın rəmzi” adlandırır. Həmçinin Qazax ədəbiyyatının Azərbaycanda, Azərbaycan mədəniyyətinin isə Qazaxıstanda geniş şəkildə təbliği, ortaq humanitar məkanın formalaşdığını göstərir.

Prezidentin diqqət çəkdiyi başqa bir mühüm məsələ Xəzər dənizinin ekoloji vəziyyətidir. Onun “Xəzər artıq təkcə su hövzəsi deyil, ortaq məsuliyyətin simvoluna çevrilib” fikri dərin ekoloji və mənəvi məna daşıyır. İlham Əliyev iqlim dəyişikliyi fonunda Xəzərin dayazlaşmasının yaratdığı təhlükələri sadəcə regional problem kimi deyil, həm də ümumi türk coğrafiyasının gələcəyinə təsir edən strateji məsələ kimi dəyərləndirir.

Bütün bu fikirlər bir yerdə Prezident İlham Əliyevin müsahibəsini klassik diplomatik bəyanatdan daha artıq səviyyəyə qaldırır. Bu çıxışda liderin səsi ilə bərabər, həm də bir ideoloqun, uzaqgörən strateqin baxışı duyulur. Müsahibə, bir tərəfdən, Azərbaycan diplomatiyasının çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan kursunu əks etdirirsə, digər tərəfdən, Türk dünyasının ortaq gələcəyinə yönəlmiş konseptual baxışın ifadəsidir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi, XXI əsr Türk birliyinin siyasi, iqtisadi və mənəvi sütunlarını aydın şəkildə göstərən proqram xarakterli çıxışdır. Bu müsahibə həm strateji tərəfdaşlıq, həm də sarsılmaz qardaşlıq fəlsəfəsinin dövlət başçısı səviyyəsində təcəssümü, yəni həm bu günün, həm də gələcəyin xəritəsidir.