Xəbərlər
“Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 22 ili”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı Sərkar kənd ərazi partiya təşkilatında Prezident İlham Əliyevin fəaliyyətinin 22-ci ildönümünə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 22 ili” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, təşkilatın üzvü Təhmasib Əliyev, Sərkar kənd Ağsaqqallar Şurasının sədri Xaliq Əliyev və Sərkar kənd tam orta məktəbinin müəllimi Günel Əhmədova bildiriblər ki, son 22 il ərzində Azərbaycan möhtəşəm inkişaf yolu keçmiş, müstəqil dövlətçilik tarixinin ən parlaq mərhələlərindən birini yaşamışdır.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən 22 il ərzində Azərbaycanın iqtisadi gücü artmış, ordu quruculuğuna xüsusi diqqət yetirilmiş, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq təmin olunmuşdur. Məhz bu sabit və düşünülmüş daxili və xarici siyasət sayəsində Azərbaycan bu gün regional və qlobal miqyasda söz sahibi olan bir ölkəyə çevrilmişdir.
Çıxışlarda vurğulanıb ki, bu illər ərzində xalqın rifah halı daha da yaxşılaşmış, dövlət başçısı tərəfindən verilən bütün vədlər ardıcıl şəkildə yerinə yetirilmişdir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində sürətlə inkişaf edən ölkələr sırasında yer almaqdadır. Ölkəmiz demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atmaqdadır.
