Xəbərlər
Böyük Qayıdışın sevincini füzulilər də yaşayır

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Artıq xalqımız beş ildir ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edir. 17 oktyabr Füzulinin işğaldan azad edildiyi tarixdir. Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sərəncama əsasən 17 oktyabr Füzuli Şəhəri Günüdür.
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib.
Tarixə qısa nəzər salaq. Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək əlil, 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında, bütün sahələrdə inkişafa, tərəqqiyə yol açdı. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda atılan addımlar tez bir zamanda öz müsbət nəticəsini verdi. 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olundu.
Füzuli uğrunda aparılmış döyüşlər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Otuz il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Ancaq Füzuli uğrunda döyüşlərdə rəşadətli Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Mənfur düşmən və bütün dünya Azərbaycan Ordusunun gücünü gördü və bunu etiraf edir.
Füzuli uğrunda döyüşlərdə iştirak edən Vətən oğullarının qəhrəmanlığı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Belə ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Beş ildir işğaldan azad edilən digər torpaqlarımız kimi, Füzuli də həyatının yeni dövrünü yaşayır. Tarixi Zəfərimizdən sonra, 16 noyabr 2020-ci il tarixdə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər. Bu səfər tarixi səfər olmaqla yanaşı, genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinin başlanğıcı oldu. Səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi. Füzulidən Şuşaya Zəfər yolu şəkildi. Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verildi.
2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlandı və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min sakin Füzuli rayonunda yaşayacaq. Bütövlükdə isə Qarabağa və Şərqi Zəngəzura 140 min keçmiş məcburi köçkünün qayıdışı nəzərdə tutulur.
Azad Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Soydaşlarımız mərhələ-mərhələ bu torpaqlara qayıdır. Bundan böyük xoşbəxtlik ola bilərmi? Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir: “Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”.