YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu torpaqlara yenidən həyatı qaytarırıq

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

17 oktyabr Füzuli şəhərinin işğaldan azad edildiyi tarixdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi.  Sərəncama əsasən 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd edilir.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra Füzuli rayonuna ilk səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra söylədiyi bu fikirləri bir daha yada salmaq istərdik: “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdi… Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Ümumilikdə  Vətən müharibəsi zamanı rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.  27 il mənfur düşmən tərəfindən tamamilə dağıdılan, yerlə-yeksan edilən  Füzuli rayonu 17 oktyabr 2020-ci ildə azadlığına qovuşdu.

Müharibənin başlandığı ilk gündən qazanılan qələbə Ordumuzun döyüş ruhunu artırdı.  44 günün hər günü tariximizin Zəfər səhifəsi kimi vərəqlənir. Rəşadətli Ordumuz elə bir gün olmadı ki, hansısa rayonu, kəndi, strateji yüksəkliyi azad etməsin. Uğurla davam edən Zəfər yürüşü noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi, 10 noyabr tarixində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan  üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi.

Artıq bundan sonra qarşıda yeni vəzifə dayandı. İşğaldan azad edilmiş ərazilərimizin bərpasına başlanıldı. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarına ilk səfərlərini etdilər. Ümumilikdə Müzəffər Ali Baş Komandanın Füzuli  rayona səfərlərinin sayı 20-dən çoxdur.  Hər bir səfər yeni sosial obyektin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Füzuli rayonunda görülən işlərdən bəhs edərkən göz önünə ilk olaraq Zəfər yolumuz, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı gəlir. Beynəlxalq standartlara cavab verən bu hava limanının 8 aya tikilib istifadəyə verilməsi ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyətli rol oynayır. Ümumilikdə Qarabağda və Şərqi Zəngəzurda istifadəyə verilən üç hava limanı bu torpaqlarımızın turizm inkanlarını daha da artıracaq. Müasir tələblər əsasında yenidən qurulan şəhərlərimiz və kəndlərimiz dünyanın diqqətindədir. Əsas hədəf dogma yurd-yuvalarına qayıdan  soydaşlarımızın yüksək yaşayışını təmin etməkdir. Füzuli şəhəri də sakinlərinə qovuşan şəhərlərimiz sırasındadır.  Dövlət başçısı İlham Əliyev  çıxışlarında bildirir: “Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”.