Xəbərlər
“44 günlük Zəfər tariximiz” mövzusunda yazı müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü ilə əlaqədar Yasamal rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan VIII-IX sinif şagirdləri arasında “44 günlük Zəfər tariximiz” mövzusunda esse yazı müsabiqəsi keçirilib.
Yazı müsabiqəsi ilə əlaqədar ümumi təhsil müəssisələrində çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov əvvəlcə “Konstitusiya və Suverenlik ili” və Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünün əhəmiyyəti barədə danışdılar.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın dövlətçilik ənənələrinin gücünü bir daha göstərdi. Bu Zəfər xalqın birliyi və iradəsi nəticəsində əldə olunmuş böyük bir nailiyyətdir. Gənclərə və şagirdlərə bu Zəfərin əhəmiyyəti düzgün dəyərlər və vətənpərvərlik ruhu ilə aşılanır. Dövlətçilik və suverenlik anlayışlarının gənclərdə və şagirdlərdə möhkəmləndirilməsi gələcək uğurların təməlini qoyur.
Vətən müharibəsində əldə edilən Zəfər yalnız torpaqlarımızın azadlığı deyil, həm də şəhidlərimizin ruhuna olan böyük ehtiramı və xalqımızın milli qürurunun bərpasını simvollaşdırır.
Bu çərçivədə təşkil edilən müsabiqələr gənc nəslin tarixi yaddaşını möhkəmləndirir və onlarda dövlətçiliyə və milli dəyərlərə hörməti artırır.
Qeyd edək ki, müsabiqənin yekununda qaliblər münsiflər heyətinin qərarı ilə müəyyən olunacaq.