YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan MDB məkanında əməkdaşlığa sadiqdir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Düşənbədə oktyabrın 10-da keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclası bir daha təsdiqlədi ki, təşkilatın fəaliyyətində sabitliyin və əməkdaşlığın qorunması, iştirakçı dövlətlər arasında münasibətlərin inkişafı xüsusi önəm kəsb edir. İclasda çıxış edən cənab Prezident İlham Əliyevin nitqində də bu məqam öz əksini bariz şəkildə tapmışdır. Bu çıxış əslində Azərbaycanın MDB çərçivəsində gördüyü işlərin və tutduğu mövqeyin aydın ifadəsi idi. Cənab Prezident qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinin təşkilat daxilində əlaqələrin əsasını təşkil etdiyini vurğulamaqla yanaşı, humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyinə də toxundu. Bununla Azərbaycanın yalnız siyasi deyil, həm də mədəni və mənəvi dəyərlərin paylaşılmasına da önəm verdiyi bir daha nümayiş etdirildi.

Bu gün Azərbaycan MDB daxilində təşəbbüs irəli sürən, əməkdaşlıq gündəliyinə real töhfələr verən ölkə kimi çıxış edir. Ölkəmiz bölgədə mədəni, humanitar və iqtisadi əlaqələrin inkişafında fəal rol oynayır. Laçının 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı elan olunması da təkcə simvolik deyil, həm də strateji əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalmış Laçının qısa müddətdə dirçəldilməsi və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın bərpa və quruculuq gücünün göstəricisidir.

Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Bu hal həm ölkəmizin həyata keçirdiyi quruculuq prosesinin miqyasını və dinamikasını, həm də regional mədəni əməkdaşlığa verilən önəmi nümayiş etdirir. Laçında keçirilən tədbirlər MDB dövlətlərini bir araya gətirən mədəni inteqrasiya modelinə çevrilib. Bu nümunə, mədəniyyətin xalqları yaxınlaşdırmaq gücünü bir daha təsdiqləyir.

Cənab Prezidentin çıxışında yer alan digər mühüm məqamlardan biri də III MDB Oyunlarının qədim Gəncə şəhərində uğurla keçirilməsi ilə bağlı idi. Qeyd olunduğu kimi, bu tədbirdə 13 dövlətdən 1600-dən artıq idmançı iştirak edib və yarışlar yalnız Gəncədə deyil, ölkənin digər altı şəhərində də baş tutub. Bu isə Azərbaycanın regionda idman vasitəsilə birgəyaşayış, əməkdaşlıq və sülh ideyalarını təşviq etdiyini göstərir.

Əlbəttə ki, Gəncənin bu mötəbər tədbirə ev sahibliyi etməsi heç də təsadüfi deyil. Gəncə Azərbaycanın tarixi, mədəni və mənəvi irsini daşıyan önəmli bir şəhərdir. MDB Oyunlarının burada keçirilməsi ölkəmizin köklü ənənələri ilə müasir imicinin vəhdətinin bariz nümunəsidir. İdman sahəsində atılan bu addımlar təkcə gənclərin inkişafına yox, həm də ölkələrarası etimadın möhkəmlənməsinə xidmət edir.