YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

VIII Qurultay: yeni vəzifələr, böyük məqsədlər və vahid amal

Eldar İbrahimov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan dövləti aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində adını dünya tarixinə güclü, nüfuzlu və qalib ölkə kimi yazdırıb. Bunun nəticəsi olaraq dünyanın aparıcı gücləri, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycana böyük hörmət və rəğbət göstərir, irəli sürülən təklif və ideyaları birmənalı şəkildə qəbul edir, dəstəkləyirlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev zamanında deyirdi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Fakt ondan ibarətdir ki, dahi öndərimizin müdrik kəlamı artıq reallığa çevrilib. Azərbaycan dünyanın ən nüfuzlu, sayılan, seçilən dövlətlərindəndir. Bu güc və qüdrət Fateh Sərkərdə, Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti ilə daha da möhkəmlənir. Təbii ki, Azərbaycan bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərində ölkədə acınacaqlı vəziyyət hökm sürürdü. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Haqlı və əsaslı fikirdir. Təəssüflər olsun qazanılan qələbələri qoruyub saxlamaq çətinliklər yaradırdı. Çünki hər bir fəal təbəqə qurulan hakimiyyət aparatında özünə layiq olduğunu tutmağa çalışırdı.

1992-ci ildə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü səhv, yanlış siyasəti ilə ölkədə həlli mümkün olmayan problemlər yaratdı. Qanunsuz silahlı dəstələri hər bir kənd və qəsəbələrdə, şəhərlərdə meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı.  1993-cü il 4 iyununda Gəncədə qiyam baş verdi. Gəncədə baş verən hərbi qiyam ölkədə cərəyan edən xaos və anarxiyanın, hərc-mərcliyin kuliminasiya nöqtəsi oldu. AXC-Müsavat iqtidarı mövcud problemləri həll etmək əvəzinə xalqın üzərinə silahlı dəstələr göndərib, qırğınlara yol açan fəaliyyət yolu tutdular. Bundan istifadə edən erməni hərbi birləşmələri xarici güclərin hərbi siyasi dəstəyi ilə ardıcıl olaraq torpaqlarımızı işğal edirdi.

Dövlət müstəqilliyinin itirilməsi, vətəndaş müharibəsinin qaçınılmaz olduğu bir vaxtda ölkə ziyalıları bir araya gələrək Ulu Öndər Heydər Əliyevin Bakı şəhərinə gəlib hakimiyyət sükanı arxasına keçməsi çağırışını etdilər. Bununla bağlı 1992-ci ilin oktyabrın 16-da “91” lərin “Səs” qəzeti vasitəsi ilə Dahi Öndər Heydər Əliyevə müraciəti ünvanlandı. Ulu Öndər Heydər Əliyev 1992-ci il oktyabrın 24-də “Səs” qəzeti vasitəsi ilə ziyalıların müraciət məktubuna müsbət cavab verdi. Beləliklə xalqın istək və arzusuna uyğun olaraq 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçildi. Ulu Öndər Heydər Əliyev tarixi çıxışlarının birində YAP-ın yaranması tarixindən danışarkən demişdir: “YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Yaranandan cəmi 6 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələr nümayiş etdirir. 2020-ci il Vətən müharibəsində qazanılan möhtəşəm hərbi qələbədən sonra regionda yaranan yeni reallıqlara uyğun olaraq YAP fəaliyyətini daha dinamik və mütərəqqi formalara əsaslanan siyasət üzərində qurur. 2021-ci il martın 5-də keçirilən YAP-ın VII Qurultaydan sonra YAP Mərkəzi Aparatının yeni strukturu formalaşdırılmış, həmçinin Nizamnamənin tələblərinə əsasən, respublikanın 84 rayon və şəhərini əhatə edən yerli təşkilat aparatlarının yenidən formalaşdırılması ilə əlaqədar sistemli tədbirlər həyata keçirilmişdir. Müsbət dəyişikliklər, həyata keçirilən yeniliklər partiyanın gücünün artmasına, beynəlxalq əlaqələrinin daha da genişlənməsinə təkan olub. Uğurlu siyasətin müsbət nəticəsi olaraq partiyaya axın daha da artmışdır. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, VII Qurultaydan ötən dövr ərzində 392 yeni ərazi partiya təşkilatı yaradılmışdır. 2021-ci ilin 5 mart tarixindən 2026-cı ilin 1 oktyabr tarixinədək partiya sıralarına 95 379 nəfər yeni üzv qəbul edilmişdir. Yeni qəbul olunanların 58 351 nəfərini (61,2%) qadınlar, 32 261 (33,8%) nəfərini isə 18–29 yaşlı gənclər təşkil etmişdir. YAP üzvlərinin uçot sistemində tam dəqiqliyin təmin edilməsi və məlumatlara nəzarətin gücləndirilməsi məqsədilə 2023-cü ilin mart ayından proqram təminatı hazırlanıb istifadəyə verilmişdir. 2026-cı ilin 1 oktyabr tarixinə 4953 ərazi partiya təşkilatı üzrə 769 811 nəfər partiya üzvü uçota alınmışdır ki, onların 398 568 nəfərini (51,8%) qadınlar, 43 379 nəfərini (5,6%) isə 18-29 yaşlı gənclər təşkil edir. Ümumilikdə onu qeyd etmək olar ki, Yeni Azərbaycan Partiyası ötən 5 il ərzində böyük uğurlara, zəfərlərə imza atıb, nailiyyətlər əldə edib. Bunu partiyanın VIII Qurultayında aparılan müzakirələr və qəbul edilən qərarlar da təsdiq edir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir inkişaf mərhələsinin əsas istiqamətlərini və gələcək dövrü müəyyənləşdirən mühüm hadisədir. Qurultayda səslənən fikirlər və qarşıya qoyulan məqsəd və hədəflər yeni dövrün çağırışlarına əsaslanır. Bu baxımdan qurultay ölkəmizin iqtisadi, sosial inkişafının daha da sürətləndirilməsi ilə yanaşı partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə əsasən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı partiya üzvləri qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrin yerinə yetirilməsi vacib və əsasdır. Ən başlıcası partiya üzvlərinin ictimai fəallığının artırılması, əhali ilə əlaqələrin genişləndirilməsi və dövlətin daha da inkişaf etməsinə xidmət edə biləcək ideyaların və təşəbbüslərin irəli sürülməsi və reallaşması üçün mühüm addımların atılması, işlərin görülməsi vacibdir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda dərin məzmunlu proqram xarakterli çıxışı Azərbaycanın qazandığı tarixi nailiyyətlərin siyasi əsaslarını və gələcək hədəflərini aydın şəkildə nümayiş etdirdi. Prezident aktual məsələlərə diqqət çəkərək onların həlli yollarını göstərdi. Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı əhəmiyyətli rolundan danışarkən bu uğurların təməlinin 1992-ci ildə qoyulduğunu söylədi. Haqlı olaraq qeyd etdi ki, o dövrdə hökm sürən ağır, çətin bir vaxtda xalqın birmənalı şəkildə Dahi Öndərimiz Heydər Əliyevin ətrafında birləşməsi və YAP-ın Naxçıvanda təsis qurultayının keçirilməsi ilə cəmiyyətdə yaranan böhranlı durumun aradan qaldırlmasının başlanğıcı oldu. “1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır”.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının xalqın tələbi olduğunu söylədi: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş - 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir”.

Prezident İlham Əliyevin çıxışında ideoloji təxribatlara qarşı mübarizədə təhsilə xüsusi əhəmiyyət verilməsini önə çəkdi və insanların təhsilli, bilikli və savadlı olmasının yalanlara, şayiələrə və ideoloji təxribatlara qarşı dayanıqlılığı artırdığı bildirildi. Bu mesajla Yeni Azərbaycan Partiyasının fəalları ölkədə həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər və Azərbaycanın yeni reallıqları barədə həqiqətlərin ictimai müzakirələrdə daha geniş təqdim olunmasına töhfə vermələri vurğulanır.  Bununla Cənubi Qafqazın lider partiyası olan YAP-ın tarixi missiyası müasir çağırışlara uyğun ideoloji işin təşkili ilə daha da aktuallaşır”.

Prezident İlham Əliyev çıxışında işğaldan azad edilən ərazilərin təmir, tikinti və bərpasından sonra əhalinin doğma yurd-yuvasına qayıtmağa başladığını söylədi. Prezident bu istiqamətdə qarşıda duran əsas vəzifələri də açıqladı. Bildirdi ki, vəzifələr sırasında Qarabağın və Şərqi Zəngəzurun bərpasına tam nail olmaqdır: “Mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək. Vəzifələr, əlbəttə ki, mən bəhs etdiyimdən daha da çoxdur. Sadəcə olaraq vaxtınızı çox almaq istəmirəm. Mən bu gün əsas, yəni strateji əhəmiyyət daşıyan istiqamətləri dilə gətirdim, bu fikirləri sizinlə bölüşmək istədim. Əmin olduğumu bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər”.

Göründüyü kimi regionun ən aparıcı, lider partiyası olan YAP müasir dövrün yeniliklərinə uyğun olaraq mütərəqqi nailiyyətlərə imza atmaqdadır. Bu nailiyyətlərin, qələbələrin davamlı olacağı şübhəsizdir. Çünki Azərbaycan dövlətinə və xalqına böyük qələbələr bəxş edən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət yalınız qələbələr və zəfərlər deməkdir. Bu isə onu deməyə əsas verir ki, dövlətimizi və xalqımızı daha böyük qələbələr, uğurlu nailiyyətlər gözləyir.

DİGƏR Xəbərlər Arxiv