YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz birlikdə güclüyük

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Oktyabrın 7-də “Regional sülh və təhlükəsizlik” mövzusunda  Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının XII  Zirvə Görüşü Türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşmasında mühüm mərhələ oldu. Zirvə Görüşündəki çıxışında cənab İlham Əliyev qeyd etdi ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.

Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Azərbaycan, həmçinin 30 illik işğaldan azad olunmuş ərazilərində qardaş ölkələrlə birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə bu həmrəyliyi konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyi ilə həmin ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Qəbələ Zirvə Görüşü çərçivəsində Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyuldu. Türkmənistan tərəfindən Füzulidə məscidin tikintisi ilə yanaşı, bu rayonda Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir.

Dövlət başçısı İlham Əliyev “X” sosial şəbəkəsində paylaşımında Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün bir daha qardaş ölkələrə təşəkkür edib. Bildirib ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

Qəbələ Zirvə Görüşündə humanitar əməkdaşlıq da müzakirə olundu. Prezident İlham Əliyev 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin 2026-cı ildə TDT çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif etdi. Bu təşəbbüs Azərbaycanın tarixi və mədəni missiyasının davamlılığını, onun türk dünyasının intellektual mərkəzi kimi rolunu bir daha təsdiqləyir.

Zirvə Görüşündəki çıxışlar Azərbaycanın Türk dünyasının birliyinə verdiyi töhfələrə işıq saldı. Müşahidəçi ölkənin- Macarıstanın Baş naziri Viktor Orban çıxışında türk dövlətləri arasında bəşəri dəyərlərin qorunduğu, sabitliyin və qarşılıqlı inamın hökm sürdüyü bir mühiti müşahidə etməsindən məmnunluğunu bildirdi, dövlətimizin başçısının həyata keçirdiyi bərpaolunan enerji layihələrini, sülhə və əməkdaşlığa verdiyi önəmi vurğuladı. Qeyd etdi ki, Azərbaycanın  nailiyyətləri, iqtisadiyyatın inkişafı, bərpaolunan enerji resursları və bu sahəyə qoyulan sərmayə onun sübutudur ki, Mərkəzi Asiya regionu və bu region Avropa İttifaqının “qızıl ehtiyatı”dır: “Cənab Prezident Əliyevə təşəkkür edirəm ki, Azərbaycanın ən mühüm qaz yatağında macar şirkətinin iştirakı üçün şərait yaratdı. Bu, bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Prezident Əliyevi və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz təkcə dost deyilik, biz strateji tərəfdaşıq”.

Səsləndirilən hər bir fikirdə bu məqam xüsusi vurğulanır ki,  Azərbaycanın sülhə, təhlükəsizliyə, əməkdaşlığa verdiyi önəm real nəticələrdə özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı Zirvə Görüşünün yekununda bir daha bildirdi ki, səsləndirilən bəyanatlar və fikirlər Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün əhəmiyyətli istiqamətləri müəyyən edir. Təşkilatın Katibliyinə və Ağsaqqallar Şurasına ümumi işə verdikləri töhfəyə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, bugünkü Zirvə Görüşü dostluğumuzu, qardaşlığımızı daha da gücləndirəcək.

DİGƏR Xəbərlər Arxiv