YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələ Zirvəsi: yeni strateji mərhələnin başlanğıcı

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının həmrəyliyinin, siyasi iradəsinin və strateji gücünün parlaq təzahürü kimi tarixə düşdü. Prezident İlham Əliyevin Zirvə Görüşündəki dərin məzmunlu çıxışı bu birliyin geosiyasi mahiyyətini, gələcək inkişaf prioritetlərini və Azərbaycan Respublikasının türk coğrafiyasında oynadığı lider rolunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında vurğuladığı kimi, bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Azərbaycanın təşəbbüsləri, təşkilata verdiyi töhfələr və həyata keçirdiyi layihələr TDT-nin beynəlxalq nüfuzunun artmasına mühüm təkan verir. Qardaş ölkələrin birliyi ortaq tarixi, etnik köklər, milli-mənəvi dəyərlər və ortaq gələcək hədəflər üzərində möhkəmlənir.

Sülh və təhlükəsizliyin hər bir dövlətin inkişafı üçün əsas amil olduğu bir dövrdə, hazırkı mürəkkəb geosiyasi şəraitdə türk dövlətlərinin vahid mövqedən çıxış etməsi, qəbul olunmuş Qarabağ Bəyannaməsi və Qəbələ Zirvəsinin “Regional sülh və təhlükəsizlik” mövzusu bu baxımdan tarixi əhəmiyyət daşıyır.

Azərbaycan Prezidentinin çıxışında təhlükəsizliyin təmin edilmədən inkişafın mümkün olmadığını vurğulaması və bu baxımdan, Türkiyə ilə hərbi və hərbi-texniki sahədə dərin əməkdaşlığın olması digər qardaş dövlətlər üçün də nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etməklə, regional təhlükəsizliyin möhkəmlənməsinə yeni töhfə vermiş oldu.

Dövlət başçısının çıxışında Azərbaycan Ordusunun 2020-ci il Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə, 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri və ölkəmizin ərazi bütövlüyünün tam bərpası xüsusi vurğulandı. Prezident İlham Əliyev bildirdi ki, bu Zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur mənbəyidir.

“Biz işğalı unutmadıq, lakin gələcəyə baxırıq. Şəhidlərimizin qanı döyüş meydanında alındı və bu gün biz həm Zəfərin, həm də sülhün simvoluyuq” - deyə vurğulayan Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin regionda sabitlik və qarşılıqlı etimad mühitinin bərqərar olmasına yönəldiyini gözlər önünə sərdi.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində oynadığı aparıcı rol, Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması, Ələt Beynəlxalq Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti ölkəmizi beynəlxalq nəqliyyat mərkəzinə çevirdiyini söyləyən dövlət başçımız nəqliyyat və kommunikasiya əlaqələrinin strateji əhəmiyyətini xüsusi vurğuladı. Prezident həmçinin Zəngəzur dəhlizinin açılmasını Orta Dəhliz və Şimal-Cənub xətləri üçün yeni strateji arteriya kimi dəyərləndirdi və bu layihənin təkcə türk dövlətlərini deyil, bütövlükdə Avrasiya məkanını birləşdirən mühüm tranzit xətti olacağını bildirdi.

Ortaq tarix və dil birliyinin möhkəmləndirilməsinin əhəmiyyətinə toxunaraq, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif edən Prezident İlham Əliyevin bu təşəbbüsü türk xalqlarının mədəni və mənəvi birliyinin dərin köklərə söykəndiyini bir daha təsdiqləyir.

Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə qardaş ölkələrə təşəkkürünü bildirən ölkə başçımız vurğuladı ki, Füzulidə, Ağdamda, Cəbrayılda tikilmiş məktəblər, yaradıcılıq mərkəzləri və məscidlər türk həmrəyliyinin canlı nümunəsidir və Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

Qəbələ Zirvəsi Türk dünyasının yeni strateji mərhələyə qədəm qoyduğunu, TDT-nin artıq qlobal geosiyasi aktor kimi formalaşdığını təsdiqlədi. Bu Zirvə bir daha göstərdi ki, türk dünyasının gücü birliyindədir, Azərbaycan isə bu birliyin ideya, siyasi və mənəvi mərkəzlərindən biridir.

DİGƏR Xəbərlər Arxiv