YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Səhiyyə islahatlarının əsasında insan amili dayanır

Pərvin Kərimzadə

Milli Məclisin deputatı

Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri insanların rifahının yüksəldilməsi, keyfiyyətli və əlçatan xidmətlərə çıxış imkanlarının genişləndirilməsidir. Bu siyasətdə səhiyyə xüsusi yer tutur. Çünki səhiyyənin inkişafı yalnız müasir tibb müəssisələrinin yaradılması və texnoloji imkanların artırılması ilə deyil, bu sistemin əsas dayağı olan tibb işçilərinin əməyinə verilən dəyərlə də ölçülür.

Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə səhiyyə sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri tibb işçilərinin əməkhaqlarının artırılması və onların fəaliyyətinin daha çevik və ədalətli mexanizmlərlə stimullaşdırılmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və təşəbbüslər də bu prosesin mühüm tərkib hissəsini təşkil edir.

TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilk növbədə onların əməyinin daha yüksək qiymətləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və peşə fəaliyyətinə əlavə stimul yaradılmasına xidmət edir. Bununla yanaşı, bu addım səhiyyə sisteminin qarşısında duran daha geniş məqsədə — əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsinə yönəlib. Yeni əməkhaqqı mexanizminin üstün cəhətlərindən biri müxtəlif ixtisas və vəzifələr üzrə çalışan tibb işçilərinin fəaliyyət xüsusiyyətlərinin nəzərə alınmasıdır. Əməkhaqqının müəyyənləşdirilməsində işçinin vəzifəsi, ixtisası, fəaliyyət göstəriciləri, göstərilən tibbi xidmətin xüsusiyyətləri, iş yükü və regionlarda kadr təminatı kimi amillərin nəzərə alınması daha obyektiv qiymətləndirmə mexanizminin formalaşdırılmasına imkan yaradır. Bu yanaşma xüsusilə səhiyyə sisteminin ən çox diqqət tələb edən istiqamətlərində çalışan mütəxəssislər üçün əhəmiyyətlidir. İlkin səhiyyə və ambulator xidmətlərin gücləndirilməsi, təcili tibbi yardım sahəsində çalışan mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması, eləcə də regionlarda ixtisaslı tibbi kadrlara olan tələbatın qarşılanması yeni islahatların əsas istiqamətlərindəndir. Xüsusi ixtisaslar üzrə çalışan həkimlər üçün yaradılan əlavə stimullaşdırıcı mexanizmlər də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Uşaq anesteziologiyası və reanimatologiyası, neonatologiya, hemodializ və digər mühüm tibbi istiqamətlərdə çalışan mütəxəssislərin əməyinin daha yüksək qiymətləndirilməsi həmin xidmətlərin davamlılığının və keyfiyyətinin təmin olunmasına mühüm töhfə verə bilər. Səhiyyə islahatlarının mühüm hədəflərindən biri də regionlarla paytaxt arasında tibbi xidmətlərə çıxış imkanlarında fərqin minimuma endirilməsidir. Regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün tətbiq edilən əlavə ödəniş mexanizmləri ixtisaslı mütəxəssislərin bölgələrdə fəaliyyətə cəlb olunmasına əlavə imkan yaradır. Bu isə yalnız kadr probleminin həlli deyil, eyni zamanda insanların yaşadığı ərazidən asılı olmayaraq keyfiyyətli tibbi xidmət almaq imkanlarının genişləndirilməsi deməkdir.

Əməkhaqqı islahatının əhatə dairəsinin orta və kiçik tibb heyətinə də şamil olunması xüsusi qeyd edilməlidir. Tibb bacıları, baş tibb bacıları, sanitarlar və digər tibb işçiləri səhiyyə xidmətinin gündəlik və fasiləsiz fəaliyyətinin təmin olunmasında mühüm rol oynayırlar. Onların üzərinə düşən məsuliyyətin, iş yükünün və fəaliyyətinin nəticələrinin nəzərə alınması bu sahədə çalışan insanların əməyinə verilən dəyərin mühüm göstəricisidir. Əslində, səhiyyədə aparılan bu dəyişikliklər daha böyük bir məqsədin tərkib hissəsidir. Güclü səhiyyə sistemi yalnız müasir xəstəxanalar, tibbi avadanlıqlar və texnologiyalarla qurulmur. Bu sistemin mərkəzində peşəkar, motivasiyalı və əməyinin layiqincə qiymətləndirildiyini hiss edən insan — həkim, tibb bacısı, feldşer, sanitar və digər səhiyyə əməkdaşı dayanır. Bu baxımdan əməkhaqqı islahatını yalnız maliyyə xarakterli dəyişiklik kimi qiymətləndirmək doğru olmaz. Bu, həm də səhiyyə sahəsində insan kapitalının gücləndirilməsinə, peşəkarlığın təşviqinə, kadr potensialının qorunmasına və xüsusilə regionlarda tibbi xidmətlərin dayanıqlılığının təmin edilməsinə yönəlmiş mühüm addımdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas fəlsəfəsində insan amili dayanır. Səhiyyə sahəsində həyata keçirilən tədbirlər də bu yanaşmanın davamıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə və sosial məsələlərə xüsusi diqqəti isə bu sahədə həyata keçirilən humanist təşəbbüslərin mühüm istiqamətlərindən biridir.

Atılan addımların mahiyyəti yalnız tibb işçisinin əməkhaqqının artırılması ilə məhdudlaşmır. Əsas məqsəd həm tibb işçisinin əməyinə verilən dəyəri artırmaq, həm də vətəndaşın daha keyfiyyətli, əlçatan və müasir tibbi xidmət almasını təmin etməkdir. Çünki səhiyyəyə qoyulan sərmayə, ilk növbədə, insana qoyulan sərmayədir. Tibb işçisinə verilən dəyər isə cəmiyyətin sağlamlığına və gələcəyinə verilən dəyərdir.

DİGƏR Xəbərlər Arxiv