YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Dövlətləri Təşkilatı dünyada formalaşmaqda olan yeni güc mərkəzi

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, professor

 “Türk Dövlətləri Təşkilatı (TDT) bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır". Bu fikirləri Prezident İlham Əliyev ötən ilin fevral ayında növbədənkənar prezident seçkilərindən sonra parlamentdə andiçmə mərasimindəki proqram xarakterli çıxışında söyləmişdi. Dünən Qəbələ şəhərində bu təşkilata üzv ölkələrin Dövlət Başçıları Şurasının  XII Zirvə Görüşü bu fikirlərin nə qədər dəyərli olduğunu bir daha əyani sübut etdi.

Hər şeydən öncə qeyd edək ki, dost və qardaş ölkələrin bu dəfəki görüş ünvanının təbiəti ilə göz oxşayan Qəbələ şəhərinin seçilməsi heç də təsadüfi deyildi. İki min illik tarixə malik türk xalqlarının qədim diyarı olan bu şəhər Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qədimliyi ilə bağlı bu rəmz tarixi şəhərimizdə bir araya gələn türk dövlət başçılarının nümayiş etdirdikləri birlik TDT-nin də bu şəhərin yaşı kimi uzunömürlü daimi bir təşkilata çevriləcəyini simvolizə edir, desək necə də yerinə düşür. Həm də cənab prezident vacib tədbirləri reginonlarda təşkil etməklə Azərbaycanın vacib və gözəl yerlərinin təkcə paytaxtdan ibarət olmadığını, vətənimizin hər guşəsinin əsrarəngiz olduğunu göstərməyə çalışır.

Artıq qeyd edildiyi kimi bu ilin oktyabrın 3-də 16 illiyi tamam olan Naxçıvan Sazişi ilə yaradılan TDT qısa dövr ərzində dinamik şəkildə inkişaf edib və dünyada formalaşmaqda olan yeni güc mərkəzinə çevrilməkdədir. Bu türk birliyinin yaranmasında və təşəkkül tapmasında Azərbaycan və Türkiyə prezidentlərinin fədakar əməyi xüsusilə qeyd edilməlidir. Ona görə ki, onların şəxsi keyfiyyətləri, dünyadakı liderlik nüfuzları, xüsusən türk ailəsinin yaranmasında ortaya qoyduqları prinsipiallıq digər türk ölkələri rəhbərləri tərəfindən zamanında dəyərləndirildiyi üçün günü-gündən güclənməkdə və əhatə dairəsi genişlənməkdə olan təşkilatın mövcudluğundan ağızdolusu danışa bilirik.

Ölkə rəhbərimizin də qeyd etdiyi kimi bu gün TDT, təkcə, sıradan bir əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Üzv ölkələr arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafı sözügedən təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasını şərtləndirmişdir. Təbii ki, burada türk xalqlarının ortaq tarixi və etnik köklərə və eyni zamanda üst-üstə düşən milli-mənəvi dəyərlərə sahib olması əməkdaşlığı asanlaşdırır və bütün xalqlarımızı böyük ailənin bir üzvünə çevirir.

TDT-nin indikindən qat-qat güclənməsi artıq obyektiv zərurətə çevrilib. Çünki son zamanlar dünya miqyasında artan geosiyasi, geoiqtisadi təhdidlərin XXI əsrdə ədalətsiz müharibələrə çevrilməsi ölkələrin ümumi təhlükəsizliyə cavabdeh BMT kimi təşkilatlara olan-qalan ehtimadı yoxa çıxarıb. Belə olan halda ortaq xalqların beynəlxalq təhlükələrdən yan keçməsini sağlayacaq özlərinin sözünü əməli ilə tamamlaya biləcək TDT kimi birliyə ehtiyac yaranıb. Məhz, dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Qlobal güclərin maraqlarının toqquşduğu bu regionun ölkələrində söz sahibləri çox gözəl başa düşür ki, təhlükəsizliyi təmin etmədən hərtərəfli inkişafı əldə etmək mümkün deyil. Bu nöqteyi-nəzərdən Zirvə Görüşündə prezident İlham Əliyevin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu indiki dövrdə türk birliyi daxilində hərbi və hərbi-texniki sahədə əməkdaşlığa daha çox önəm verilməsini səsləndirməsi və bu təklifin, söz yoxdur ki, gələcəkdə bu istiqamətdə strateji əməkdaşlığın dünyanın nümunəvi hərbi birliklərinin əməkdaşlığına çevrilməsində həlledici olacağına öncədən əmin olmaq olar. Çünki onun hər kəlməsi imzası qədər dəyərlidir, keçərlidir.

Heç şübhəsiz türk dünyası daxilində iqtisadi inteqrasiyanın, elm-təhsil, mədəniyyət, enerji və nəqliyyat sahəsində dost və qardaş türk ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və regionun dayanıqlı inkişafına xidmət etdiyini görən bədxahlar indiyə qədər olduğu kimi bundan sonra da qardaş ölkələr arasında nifaq toxumu səpməyə çalışacaqlar. Ancaq və lakin biz böyük bir türk toplumu olaraq maneələrə baxmadan yolumuza davam edəcəyimizə əmin olmalıyıq. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin böyük türk şairi Bəxtiyar Vahabzadədən gətirdiyi iqtibasda deyildiyi kimi türkün türklə ədavətə haqqı yoxdur. Deməli, müdrüklərimizin qaranlığa işıq saçan ibrətamiz, hikmətli fikirlərindən yola davam edərək türk dövlətlərinin daha da güclənməsi və qüdrətlənməsi yolunda təkcə siyasətçilərimiz deyil, ziyalısından tutmuş, sıravi vətəndaşına qədər hamı həmrəylik göstərməli, dəmir yumruq olmalı, bir hədəfə də vurmalıdır. O zaman, şairin necə də gözəl dediyi kimi dünya türkün olacaq!

DİGƏR Xəbərlər Arxiv