Xəbərlər
Türk Dünyasının Birliyinə Yeni Nəfəs: Qəbələdə Tarixi Zirvə

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının birliyində yeni bir mərhələnin başlanğıcı oldu. Bu zirvə təkcə rəsmi tədbir deyildi — həm də tarix, mənəvi yaxınlıq və strateji həmrəyliyin təntənəsi idi. Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı isə həm təşkilatın, həm də bütün Türk dünyasının gələcək istiqamətinə aydın yol xəritəsi təqdim etdi.
Türk Dövlətləri Təşkilatı – Yeni Güc Mərkəzinə çevrilir
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, bu gün Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, beynəlxalq arenada nüfuzlu geosiyasi mərkəz kimi formalaşır. Dövlət başçısı ortaq tarixi və mənəvi dəyərlərimizin bizi bir ailə kimi birləşdirdiyini qeyd edərək, bu birliyin gələcəkdə dünya siyasətində mühüm rol oynayacağını diqqətə çatdırdı.
Azərbaycanın TDT Katibliyinin fəaliyyətinə 2 milyon ABŞ dolları ianə ayırması isə ölkəmizin təşkilatın inkişafına verdiyi əməli dəstəyin bariz göstəricisidir. Bu addım, eyni zamanda, Azərbaycanın Türk dünyasının həmrəyliyinə və ortaq gələcəyinə inamının təzahürüdür.
Sülh və təhlükəsizlik – inkişafın təməli
Prezident İlham Əliyev qeyd etdi ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Bugünkü dünyada beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu bir dövrdə türk dövlətləri arasında hərbi və müdafiə əməkdaşlığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Türkiyə arasında mövcud olan dərin hərbi tərəfdaşlıq bu sahədə nümunədir. Son bir ildə keçirilmiş 25-dən çox birgə təlim bu əməkdaşlığın miqyasını göstərir. Prezident İlham Əliyev çıxışında 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edərək, təhlükəsizlik sahəsində yeni əməkdaşlıq mərhələsinin əsasını qoydu.
Qələbədən sülhə aparan yol
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün tam bərpası təkcə hərbi uğur deyil, həm də ədalətin bərpasıdır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın atdığı addımlar sülh gündəliyinə sadiqliyini təsdiqləyir.
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni reallıq yaradacaq. Bu, bölgəni qarşıdurmadan əməkdaşlığa aparan tarixi addımdır və bu addımın müəllifi məhz müstəqil siyasət yürüdən, milli maraqlara söykənən Azərbaycan dövlətidir.
Nəqliyyat və enerji – strateji körpü rolu
Prezident İlham Əliyev çıxışında nəqliyyat-kommunikasiya layihələrinin Türk dünyası üçün strateji əhəmiyyətini vurğuladı. Azərbaycan bu istiqamətdə həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin əsas halqasına çevrilib. Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və regionun ən böyük yükdaşıma şəbəkəsi ölkəmizi qlobal nəqliyyat mərkəzi kimi möhkəmləndirir.
Zəngəzur dəhlizinin açılması isə Türk dünyasını fiziki olaraq birləşdirəcək və iqtisadi əlaqələri yeni səviyyəyə qaldıracaq. Bununla yanaşı, Azərbaycan enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır — hazırda 14 ölkəyə təbii qaz ixracı həyata keçirilir.
Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, ölkəmiz bərpaolunan enerji mənbələrinə geniş sərmayələr cəlb edir və 2030-cu ilə qədər istehsalın 40 faizini yaşıl enerji təşkil edəcək. Bu, həm regional, həm də qlobal ekoloji sabitliyə töhfədir.
Ortaq dəyərlər – ortaq gələcək
Prezident İlham Əliyev çıxışında 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın əhəmiyyətini xüsusi qeyd edərək, gələn il bu tarixi hadisənin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd edilməsini təklif etdi. Bu təşəbbüs təkcə elmi və mədəni hadisə deyil, həm də Türk birliyinin tarixi dərinliyini və gələcəyə inamını əks etdirir.
Azərbaycan lideri çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə qardaş ölkələrə təşəkkürünü bildirdi. Füzuli, Ağdam və Cəbrayılda inşa edilən məktəblər və mədəniyyət ocaqları bu birliyin canlı nümunəsidir. Bu həm də Türk həmrəyliyinin yalnız sözlə deyil, əməl ilə təsdiqidir.
Qəbələ Zirvəsi bir daha göstərdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Türk dünyasının strateji mərkəzinə çevrilib. Bu gün türk dövlətləri artıq vahid mövqedən çıxış edən, ortaq dəyərlər və ortaq məqsədlər ətrafında birləşən qlobal gücə çevrilməkdədir.
Türk birliyi artıq ideya yox, reallıqdır. Bu reallığın arxasında isə güclü liderlik, sarsılmaz iradə və gələcəyə inam dayanır.