YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev ideyaları: uğurlarımızın qarantı

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

1991-ci ildə müstəqilliyini bərpa etmiş dövlətimiz daxili siyasi böhran, sosial-iqtisadi tənəzzül və xarici təhdidlər şəraitində böyük sınaqlarla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzünün genişləndiyi, orduda parçalanmaların dərinləşdiyi, dövlət idarəçiliyində xaosun hökm sürdüyü bir vaxtda Azərbaycan parçalanmaq və dövlət kimi məhv olmaq təhlükəsinə yaxın idi. Belə bir tarixi anda xalqın ümid yeri yalnız Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idi.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev müstəqil dövlətimizin xilası və sabitliyi naminə tarixi missiyasını üzərinə götürdü. 15 iyunda Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Elə həmin vaxtdan etibarən ölkədə sabitlik və dövlətçilik ənənələrinin bərpası istiqamətində dönüş baş verdi. Azərbaycan Respublikasının Milli Məclisi iyunun 24-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

Xalq isə öz xilaskar liderinin ətrafında sıx birləşdi, 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Azərbaycan xalqı tarixi seçim etdi. Nəticələr xalqın iradəsini parlaq şəkildə ifadə edirdi, seçicilərin mütləq əksəriyyəti Ümummilli Lider Heydər Əliyevin lehinə səs vermişdi. 10 oktyabr 1993-cü ildə andiçmə mərasimi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu əlamətdar hadisə yalnız siyasi dəyişiklik deyil, həm də dövlətçilik yolunda fundamental dönüş idi. Ölkəmizdə müasir dövlət quruculuğu, hərbi təcavüzə qarşı mübarizəsi və islahatlar dövrü məhz bu andan başladı.

Sonrakı illərdə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtuldu, siyasi sabitlik təmin edildi. İqtisadi islahatlar başlandı, beynəlxalq münasibətlərdə tarazlaşdırılmış xətt seçildi. 1998-ci ildə keçirilən növbəti prezident seçkilərində Heydər Əliyevin inamlı qələbəsi onun dövlətçilik yolunun xalq tərəfindən dəstəkləndiyini bir daha göstərdi.

Beləliklə, 3 oktyabr 1993-cü il tarixi Azərbaycanın böyük inkişaf yoluna qədəm qoyduğu əlamətdar gün kimi əbədi həkk olundu.