Xəbərlər
Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk olunub

4 oktyabr tarixi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, qədim Azərbaycan xalqının milli-mənəvi irsini özündə təcəssüm edən Cəbrayıl rayonunun işğaldan azad edildiyi gündür. Təbii ki, bu gün böyük əhəmiyyətə malikdir. 1993-cü il avqustun 23-də Cəbrayılın erməni silahlı qüvvələrinin işğalına məruz qalması olduqca acı bir tarixi fakt idi. İşğal dövründə 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı erməni vandalları tərəfindən vəhşicəsinə məhv edilmişdir.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.
Deputat qeyd edib ki, Cəbrayılın işğaldan azad olunması düşmənə ağır zərbə vurdu: “Heç təsadüfi deyil ki, Böyük Qayıdış məhz Cəbrayıldan başlayıb. 5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi ilk olaraq işğaldan azad edilib. 2016-ci idə Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu zamanı Lələtəpə adlı strateji yüksəkliyin azad edilməsi ilə Cocuq Mərcanlıya həyatın qayıtması mümkün olub. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Şanlı ordumuzun bu uğurları bizi böyük qələbəyə daha da yaxınlaşdırdı”.
S.Hüseynova bildirib ki, Cəbrayıl rayonunun azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir: “Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 27 sentyabrda Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, oktyabrın 4-də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan əməliyyatlar nəticəsində ümumilikdə bir şəhər və 90 kənd işğaldan azad edilib. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad olundu. Artıq işğaldan azad edilmiş əraziləridə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz dogma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. Cəbrayılda dağıdılan mədəni-tarixi abidələrimizin də bərpası həyata keçirilir. Ən şərəfli anlardan biri də Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması idi. Bu, Azərbaycan xalqı üçün qürur və fəxarət, çox böyük siyasi və tarixi əhəmiyyətə malik hadisədir. Cəbrayıl tam bərpa olunacaq və rayon sakinləri doğma yurdunda rahat yaşaya biləcəklər. Bütün uğurlar Prezident İlham Əliyevin iradəsi, xalqımızın biriliyi və ordumuzun gücü sayəsində qazanıldı”.
Sevinc Hüseynova 4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması mühüm bir tarixi reallığın təzahürü olduğunu söyləyib: “Ali Baş Komandan tərəfindən 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Məhz bu şanlı tarixi Qələbə günlərinin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olunub”.
Deputat vurğulayıb ki, bu gün artıq Cəbrayıl öz tarixinin yeni dövrünü yaşayır: “Cəbrayıllılar artıq uzun müddətdən sonra öz doğma yurdlarına qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonuna səfərləri zamanı mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri baş tutub.
Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Həmçinin 2021-ci il 4 oktyabr tarixində Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Eyni zamanda “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxunlu kəndlərinə xarici elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə təsdiq olunmuş “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən dörd mərhələ üzrə Cəbrayıl şəhərində bərpa guruculuq işlərinin aparilması və 2040-cı ilin sonuna qədər 15 000 sakinin yaşayacağı nəzərdə tutulur.
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Artıq Cəbrayıla 659 ailə - 2856 nəfər köçürülüb.
Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir”.