YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənə sədaqətlə xidmət nümunəsi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

3 oktyabr 1993-cü ildən başlanan yol Azərbaycana davamlı uğurlar, Zəfərlər qazandırır.  Həmin tarixə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə hər günün tariximizə mühüm hadisələrlə yazıldığını böyük fəxr hissi ilə qeyd edə bilərik. Bu uğurları şərtləndirən amil təbii ki, dövlətin düzgün müəyyənləşdirilən siyasətidir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

Azərbaycan dövlət müstəqiliyini yenidən bərpa etdiyi ilk illərə qısa nəzər salaq. Ölkədə hakimiyyətsizliyin mövcudluğu bütün sahələrdə, o cümlədən xarici siyasətdə uğursuzluqlara səbəb oldu. O dövrün iqtidarının başı öz şəxsi ambisiyalarına elə qarışmışdı ki, Azərbaycanın taleyi onları düşündürmürdü. Torpaqları işğal altında, bur milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda Ermənistan işğala məruz qalan dövlət kimi dünyaya təqdim edilmişdi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq, həqiqətlərimizi dünya ictimaiyyətinə əsaslı şəkildə çatdırmaq idi. Ümummilli Lider Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi.  Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönələn məqsədyönlü, sistemli,  davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdu.

Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada diqqəti bu gün tarixə qovuşan Qarabağ münaqişəsinə yönəltməsin, erməni yalanları faktlar əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasın. O, müstəqillik yolunda ilk addımını atan dövlətlərin qarşısında dayanan vəzifələr sırasında hər zaman  xaricdə varlığının  təsdiqini, tanınmasını əsas amil kimi önə çəkirdi. Diasporun bir dövlətin xaricdə varlığı olduğunu qeyd edən Ulu Öndər Heydər Əliyev Azərbaycan diasporunun formalaşması, dünyada cərəyan edən proseslərə təsir imkanlarının artması istiqamətində biri-birindən mühüm addımlar atdı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.  Azərbaycanın ayrı-ayrı dövlətlərdə mərkəzlərinin yaradılmasına nail olan Ulu Öndər Heydər Əliyev sonrakı dövrdə onların vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirdi. 2001-ci ildə Ümummilli Liderin təşəbbüsü və Sərəncamı əsasında Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində mühüm addım olmaqla yanaşı, onların birliyinin, həmrəyliyinin əsası qoyuldu.

Ulu Öndər Heydər Əliyevin xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına xüsusi diqqəti də ölkəmizin tanınmasında, həqiqətlərinin təbliğində əhəmiyyətli rol oynadı. İlllər keçdikcə Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması, diasporumuzun dünyada baş verən hadisələrə təsir imkanlarının artması, Azərbaycanın imzasının imzalar arasında görünməsi ilə bərabər, sözünün də əhəmiyyətli olması, dünya birliyinin fəal üzvü kimi tanınması  erməni yalanlarıın ifşasında öz sözünü dedi. Azərbaycanın xarici siyasət uğurları, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə və bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpasında  mühüm rol oynayan amillər sırasında oldu. Hazırda Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyatının yeni mərhələsini yaşayır.  

Qeyd etdiyimiz bütün uğurlarımız 3 oktyabr 1993-cü ildən başlanan yolun təqdimatlarıdır. Ümummilli Lider daim bu çağırışı etmişdir ki, biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcək.

Bu gün böyük qürur hissi ilə  qeyd edirik ki, Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı Zəfərdən-Zəfərə aparır.

DİGƏR Xəbərlər Arxiv