Xəbərlər
Milli qürur və iftixar tarixi

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.
1993-cü il 3 oktyabr tarixində keçirilən seçkilərdə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində bütün sahələrdə, o cümlədən xarici siyasətdə böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.
1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başladı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş verdi.
Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.
Azərbaycanın iqtisadi uğurlarında demokratik inkişafı əsas rol oynayır. Hər bir ölkə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərdə ilk olaraq sabitliyə, qanunun aliliyinə xüsusi diqqət yetirir. Azərbaycanın qeyd olunan istiqamətlərdə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir.
Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin üzərindən senzura götürüldü, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. Ölkəmizdə seçkilərin demokratikliyini təmin etmək, beynəlxalq standartlara uyğun keçirilməsi üçün mühüm addımlar atıldı.
Ümummilli Lider atdığı hər addımında milli-mənəvi dəyərlərimizə, tariximizə, mədəniyyətimizə bağlı xalq olduğumuzu nümayiş etdirdi. Milli ideologiyanın yaradılması məhz Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi idi. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında əhəmiyyətli rol oynayır.
1993-2003-cü illəri ümumi xarakterizə etdikdə böyük əminliklə deyə bilərik ki, Azərbaycan o illərdə yaradılan möhkəm təməl üzərində uğurla inkişaf edir, hər bir hədəfi reallığa çevirir. Qalib, bütövləşən Azərbaycan bunun təsdiqidir. Artıq beynəlxalq ictimaiyyət Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda Azərbaycanın artan nüfuzunun, söz sahibliyinin şahidinə çevrilib.