YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Peşəkar idarəetmə nümunəsi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Ulu Öndər  Heydər Əliyevdə görürdü. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.

Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.

Ümummilli Lider Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Dahi şəxsiyyət  bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi olduğunu təsdiq etmişdir.

Ulu Öndər Heydər Əliyev zəngin idarəçilik təcrübəsi, Vətənə, xalqa sevgisi, dövlət maraqlarını hər şeydən üstün tutması ilə Azərbaycanın biri-birindən əhəmiyyətli uğurlara imza atmasını təmin etdi. Ümummilli Liderin  həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. O,  hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atdı, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu hər bir sahədə atdığı addımlarında nümayiş etdirərək  bugünümüz və gələcəyimiz üçün möhkəm baza yaratdı. Ümummilli Lider Heydər Əliyevin  hakimiyyətinin birinci dövründə gördüyü işlər  ölkənin formalaşdırılmasına hesablanmışdırsa, 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışı  Azərbaycanın  əsl Qurtuluşu oldu. Ulu Öndər bildirirdi ki,  müstəqilliyi əldə etmək nə  qədər çətindirsə,  onu qoruyub saxlamaq,  dönməz etmək ondan da çətindir. Bu baxımdan dövlətçiliyimizin  möhkəmləndirilməsində dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli Lider  hələ 1969-1982-ci illərdə  Azərbaycanı  gələcəkdə müstəqil görərək biri-birindən mühüm addımlar atmış, zəngin iqtisadi potensial yaratmışdı. İndiki və gələcək nəsil dövlət müstəqilliyimizin daimiliyinin təmin edilməsinə görə  Ulu Öndər Heydər Əliyevə borclu olduğumuzu dərk etməklə yanaşı, onun uğurlu siyasəti nəticəsində bugünkü qalib Azərbaycanın vətəndaşı  olduqları üçün fəxr edir və edəcəklər. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirmiş, əhəmiyyətli addımlar atmışdır. Onun səyləri nəticəsində cəbhə xəttində  atəşkəsə nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Atəşkəsə nail olmaqla ölkəmizdə bütün sahələrdə tərəqqi özünü qabarıq şəkildə göstərdi. 
Müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifi Ulu Öndər Heydər Əliyevdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda, gələcəyə yönəlib. Ümummilli Lider ilk gündən  harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları  vahid ideya-azərbaycançılıq ideologiyası ətrafında birliyə çağırdı. Azərbaycanın müstəqilliyinin, suverenliyinin daimiliyini təmin etmək üçün bu birliyin, həmrəyliyin yaradılması vacib amillərdən biri kimi qeyd olundu. Bu gün həmin birlik tarixi Zəfərimizdə, suverenliyimizin tam bərpasında   özünün aydın ifadəsini tapıb.

Ümumilkdə ölkəmizə hansı sahədən baxsaq Ulu Öndər Heydər Əliyevin  xidmətlərini görürük. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli Liderin  dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini belə xarakterizə edir: “Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə kitablar, elmi və bədii əsərlər yaradılmışdır. Bu günə qədər həmin məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”.
Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük xidmətlərindən biri məhz  Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa inamın növbəti ünvanını göstərməsidir. Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi, sona çatdıra bilmədiyi işlərin  Onun  həyata keçirə biləcəyinə əminliyini ifadə etdi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilərək soydaşlrımızın öz doğma yurd-yuvalarına qayıtması idi. Prezident İlham Əliyev dahi şəxsiyyətin bu arzusunu da yerinə yetirdi. Cənab İlham Əliyevin qətiyyəti,  ədalətə və beynəlxalq hüquqa, dövlət maraqlarımızın müdafiəsinə yönələn siyasəti nəticəsində tarixi Zəfərə imza atdıq. Bu gün tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı  reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış Proqramı uğurla icra edilir.

DİGƏR Xəbərlər Arxiv