Xəbərlər
“Neft Daşları”nda yeni estakadayanı meydança istismara veriləcək
“Neftqaztikinti” tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağı üçün inşa olunan 1637A saylı estakadayanı meydançada tikinti-quraşdırma işlərini yekunlaşdırmaq üzrədir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, 14 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan estakadayanı meydançada indiyə kimi dayaq blokları, aralıq seksiyalar, minik və yanalma meydançaları, eləcə də qülləaltı postamentin hərəkət yolları quraşdırılıb. Tikinti işləri zamanı 1600 ton metal-konstruksiyadan istifadə olunub. Estakadayanı meydançada ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sahələri üzrə işlər müasir standartlara uyğun yerinə yetirilib. Dənizin çirklənməsinin qarşısını almaq üçün estakadayanı meydançanın döşəməsində novlar, döşəmənin altında isə çirkab suları yığmaq üçün tutumlar yerləşdirilib. Hazırda quyu istiqamətləndiricilərinin vurulması işləri davam etdirilir. Yaxın günlərdə 1637A saylı estakadayanı meydançanın tam istismara verilməsi gözlənilir.
Qeyd edək ki, estakadayanı meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir.