Xəbərlər
ADNSU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və ADNSU tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl ADNSU-nun şəhid məzunlarının adını daşıyan auditoriyalar və şəhidlər üçün ucaldılmış abidə kompleksi ziyarət olunub, onların xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, xalq və ordu birliyi sayəsində Vətən müharibəsində qazanılan şanlı zəfərdən danışıblar. Çıxışlarda 44 günlük Vətən müharibəsinin həlledici məqamlarına toxunulub, Anım Gününün təsis olunmasının, Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəyliyin əhəmiyyətindən danışılıb.
Sonda universitetin qazi tələbəsi Kamran Şamil oğlu Babayev çıxış edərək Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan danışıb.
Tədbirdə, həmçinin Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Bədii hissədə ADNSU tələbələri “Salam şəhid anası” adlı şeir səsləndiriblər.