Xəbərlər
Bərdədə Silahlı Qüvvələr Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının nümayəndələri və partiya fəalları 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bərdə Şəhidlər xiyabanını və mülki şəhidlərin xatirəsinə ucaldılmış memorial kompleksi ziyarət ediblər.
Şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, Şəhidlər xiyabanına əklil qoyulub, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman oğulların ruhuna dualar oxunub.
Çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi zəfərlər xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifələrini təşkil edir. Vurğulanıb ki, bu qələbələrin təməlində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin misilsiz qəhrəmanlığı dayanır. Şəhidlər xalqımızın qürur mənbəyi, milli yaddaşımızın əbədi qəhrəmanlarıdır.
Tədbir iştirakçıları, həmçinin Azərbaycanın Milli Qəhrəmanları Şakir Salahov və Elgiz Kərimovun məzarlarını ziyarət edərək onların şərəfli döyüş yolunun gələcək nəsillərə örnək olduğunu bildiriblər.
Sonda iştirakçılar xatirə şəkli çəkdirib.
