Xəbərlər
Anım Günü milli birliyi, qəhrəmanlıq ruhunu və tarixi Qələbənin təntənəsini ehtiva edir

Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Azərbaycan xalqının yaddaşında 2020-ci ilin 27 sentyabrı yeni bir səhifə açır. Həmin gün başlayan Vətən müharibəsi yalnız itirilmiş torpaqların qaytarılması deyil, həm də milli qürurun, ləyaqətin bərpası kimi tarixə düşür.
Qarabağ münaqişəsinin kökləri 1988-ci ildən başlamışdı, 1990-cı illərdə baş verən Birinci Qarabağ müharibəsi nəticəsində isə ərazilərimizin 20 faizi işğal altına düşmüşdü. Otuz ilə yaxın müddətdə Azərbaycan xalqı və dövləti diplomatik yolla ədalətin bərpasına çalışmış, eyni zamanda ordu quruculuğuna xüsusi diqqət yetirmişdi. Silahlı Qüvvələr gücləndirilmiş, müasir silah və texnika alınmış, zabit və əsgərlərin hazırlığı dünya standartlarına uyğunlaşdırılmışdı. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və 2020-ci ilin Tovuz döyüşləri göstərdi ki, Azərbaycan ordusu artıq hər an torpaqlarını azad etməyə hazırdır.
Bu hazırlığın məntiqi nəticəsi 2020-ci ilin payızında özünü biruzə verdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən planlı və sürətli əməliyyatlar qısa zamanda cəbhədə təşəbbüsü tam ələ almağa imkan verdi. Hər gün cəbhədən gələn xəbərlər xalqı birləşdirir, vətənpərvərlik ruhunu zirvəyə qaldırırdı. Prezidentin “Qarabağ Azərbaycandır!” bəyanatı və “Dəmir yumruq” ifadəsi artıq həm dövlətin, həm ordunun, həm də xalqın qələbə iradəsini simvolizə edirdi.
44 gün davam edən Vətən müharibəsi hərbi tariximizdə misilsiz qəhrəmanlıq salnaməsi yaratdı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Xocavənd azad edildi, nəhayət 8 noyabrda Şuşanın işğaldan qurtuluşu Qələbənin rəmzinə çevrildi. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla müharibə başa çatdı, Ermənistan kapitulyasiya sənədinə imza atdı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu, işğal faktı rəsmən aradan qalxdı.
Bu Qələbənin ən böyük qəhrəmanları isə məhz şəhidlərimiz və qazilərimizdir. Minlərlə igid övladımız canından keçərək, qanı ilə bu torpaqları suvararaq Azərbaycanın başını uca etdi. Gizir Xudayar Yusifzadənin oxuduğu “Vətən yaxşıdır” mahnısı bir xalq nəğməsinə çevrildi, qazi Anar Həsənovun “yenə döyüşərdim” sözləri gənclərə iradə dərsi oldu. Bu gün onların xatirəsinə məktəblərə, küçələrə adlar verilir, memorial komplekslər salınır, abidələr ucaldılır.
Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularını və müharibədə fərqlənmiş şəxsləri müxtəlif orden və medallarla təltif etməsi də Şəhidlərə, qazilərə və müharibə iştirakçılarına ən ali diqqətin təzahürü kimi qiymətləndirilir. Xüsusi əməliyyatlara görə təsis edilmiş medallar - Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Zəngilanın azad olunmasına görə, Qubadlının azad olunmasına görə, Şuşanın azad olunmasına görə, Ağdamın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə, Laçının azad olunmasına görə medalları, bununla yanaşı, digər yüksək fərqlənmələr üçün nəzərdə tutulmuş “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları, “Qarabağ”, “Zəfər”, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenləri həm hərbi xidmətin, həm də qəhrəmanlığın rəsmi qiymətləndirilməsi və xalqımızın qələbə yolunda göstərdiyi fədakarlığın simvoludur.
Vətən müharibəsi qaziləri və şəhid ailələri dövlətin diqqət mərkəzindədir. Müharibədən dərhal sonra yaradılan “YAŞAT” Fondu vasitəsilə şəhid ailələrinin sosial təminatı və qazilərin müalicəsi təmin edilir. Qazilərin müalicəsi, reabilitasiyası və sağlamlıq imkanlarının bərpası üzrə geniş proqramlar həyata keçirilir. Eyni zamanda şəhid ailələrinə və qazilərə mənzillər, evlər və fərdi yaşayış yerləri təqdim edilir, işlə təmin olunmaları üçün xüsusi proqramlar həyata keçirilir. Dövlət onların sosial rifahının qorunmasına, övladlarının təhsili və gələcəyinin təmin olunmasına xüsusi diqqət ayırır. Bu tədbirlər həm şəhid ailələrinin, həm də qazilərin həyat şəraitini yaxşılaşdırır və onların cəmiyyətə reinteqrasiyasını asanlaşdırır.
Vətən müharibəsi həm də milli birliyimizin möhkəmləndiyi, dövlət-xalq-ordu vəhdətinin nümunəvi təzahür etdiyi bir dövr kimi yadda qalır. Azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparıldı, qısa müddətdə Füzuli və Zəngilan hava limanları istifadəyə verildi, Şuşada “Xarıbülbül” festivalları, Zəfər paradları keçirildi. Bu tədbirlər yalnız tarixi qələbəni qeyd etmirdi, həm də Qarabağın mədəniyyət mərkəzi kimi dirçəlişini müjdələyirdi. İşğaldan azad edilmiş torpaqlara indi həyat qayıdır, kəndlər, şəhərlər yenidən canlanır, insanlar öz doğma yurdlarına dönür. Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa, Ağdam, Laçın, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarına qayıdış başlanıb. Artıq minlərlə keçmiş məcburi köçkün geri dönərək məskunlaşıb. Onlar üçün zəruri infrastruktur – yaşayış evləri, yollar, məktəblər, tibb müəssisələri, həmçinin enerji və su təminatı sistemləri qurulur, ictimai xidmətlər və sosial imkanlar təmin edilir. Bu proqram, həm də şəhidlərin qanı ilə suvarılmış torpaqlara həyatın bərpası və onların ruhunun şad olunması deməkdir.
Bu gün Vətən müharibəsi sadəcə keçmişin hadisəsi deyil, həm də xalqımızı birləşdirən mənəvi sütundur. Şəhidlərimiz və qazilərimiz bizim əbədi qürur mənbəyimizdir. Onların qəhrəmanlığı sayəsində üçrəngli bayrağımız Şuşada, Cıdır düzündə, Laçında dalğalanır və hər dalğalanışda bir millətin qüruru, bir xalqın zəfər sevinci səslənir. Şəhidlərimizin ruhu qarşısında baş əyərək onların başladığı işi davam etdirmək, azad edilmiş torpaqlarda həyatın tam bərpasını təmin etmək hər bir vətəndaşın borcudur.