YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda Anım Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qəhrəmanlıq və Şərəf Salnaməsi” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Samux şəhərinin mərkəzində yerləşən Şəhidlər Kompleksini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri düzüblər, qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tədbirdə çıxış edərək bildirib ki, bu gün bütün Azərbaycan xalqı və dünya azərbaycanlıları müqəddəs Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. 27 Sentyabr – Anım Günü torpaqlarımızın işğaldan azad edilməsi yolunda hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu, milli ruh və həmrəyliyin təntənəsinə çevrilmiş şərəfli bir gündür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşən və şəhid olmuş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Tədbirdə 44 günlük Vətən müharibəsinin iştirakçısı, şəhid leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov çıxış edərək müharibənin xalqımızın yaddaşında silinməz izlər buraxdığını, əldə edilən Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Daha sonra Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant  Aydın Şıxəliyev,  Samux Rayon İcra Hakimiyyəti başçısının   müavini - İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova,   Vətən müharibəsi veteranı Samux rayon Mərkəzi  Xəstəxanasının baş həkimi Loğman Hacıbədəlli,  Vətən müharibəsi iştirakçısı,  qazi  Səbuhi Namazov,  Vətən müharibəsi iştirakçısı  - Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  Qurban Həsənov,  Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, Qiyaslı ərazi partiya təşkilatının sədri  Günay Rzayeva və partiya fəalı  Leyli Süleymanova  çıxış ediblər.

Vurğulanıb ki, 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyi sayəsində möhtəşəm Qələbə ilə başa çatdı. Bu Qələbə hər bir Azərbaycan vətəndaşının qəlbində qürur və iftixar hissi yaratdı. Uzun illər işğal altında qalan torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi və bu, müasir tariximizin ən möhtəşəm hadisəsi oldu.