Xəbərlər
Çoxtərəfli diplomatiyanın uğurlarını nümayiş etdirən mühüm faktor
Ramid Namazov
Milli Məclisin deputatı
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Sədrliyi çoxtərəfli diplomatiyanın uğurlarını nümayiş etdirən mühüm faktorlardan biridir.
Rəsmi Bakı siyasi və iqtisadi dialoqları artıran, qarşılıqlı hörmət və etimad mühiti yaradan, fəal əməkdaşlıq platformalarını quran və regional bağlantıları inkişaf etdirən mərkəz kimi AQEM-in müasir dünyada yerinin və nüfuzunun artmasında mühüm rol oynamaqdadır.
Bunun nəticəsi olaraq təşkilata üzv ölkələrin siyasi liderləri daim həmrəylik nümayiş etdirərək Azərbaycana yüksək dəyər verir, xüsusi rəğbətlərini ifadə edirlər.
Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə əksər üzv ölkələrin ən ali – dövlət və hökumət başçıları səviyyəsində təmsil olunmaları isə bir daha ölkəmizə olan önəmin və dərin hörmətin bariz ifadəsi hesab oluna bilər.
Zirvə Görüşünə sədrlik edən Prezident İlham Əliyevin diqqətçəkən fikirləri isə qlobal və regional məsələləri daha geniş beynəlxalq çərçivədə nəzərdən keçirmək və təhlil etmək, sülh və sabitliyi, təhlükəsizliyi möhkəmləndirmək, əməkdaşlıq imkanlarını artırmaq baxımından mühüm hadisə kimi dəyərləndirilməlidir.
Cənab Prezident ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə toxunmaqla, Azərbaycanın davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirdiyini xatırlatdı. Bu xatırlatmanın arxasında dərin siyasi məzmun dayanır, çünki beynəlxalq birlik 30 il Azərbaycana qarşı bu məsələlərdə haqsızlıq edib.
35 il əvvəl müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmiş Ermənistanın təcavüzkar və etnik təmizləmə siyasətinə qarşı beynəlxalq səviyyədə ciddi bir addım atılmayıb. BMT-nin Təhlükəsizlik Şurası 30 il ərzində kağız üzərində qalan qətnamələrinin icrası üçün ciddi bir səy göstərməyib. Münaqişənin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun imitasiya xarakteri daşıyan fəaliyyəti faktiki olaraq İrəvanın işğalına haqq qazandırmaq olub.
Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə almaqla təcavüzkar Ermənistanı daha da həvəsləndirib, müxtəlif dövrlərdə ölkəmizin daxili işlərinə qarışıb.
Dövlətlərarası münaqişələrin həlli məsələsində daim ikili standartlarla üzləşən Azərbaycan bu seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə təkbaşına çıxış edib. Dövlətimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini də təkbaşına təmin edib, separatizmə son qoyub.
Ölkəmiz beynəlxalq təşkilatların görə bilmədiyi digər bir siyasi mexanizmi və praktikanı da təkbaşına yaradıb – separatçıların liderlərini, müharibə cinayətkarları və uşaq qatillərini Azərbaycan məhkəməsi qarşısına gətirərək mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqunu təmin edib.
Azərbaycan Prezidentinin bu mövzu üzərində ətraflı fikir yürütməsi təsadüfi deyil, çünki bu, qlobal bir çağırışdır. BMT-nin Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlara tövsiyədir: əgər həmin təşkilatlar qəbul etdikləri qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər yaratmayacaqlarsa müharibələr davam edəcək, yeni, daha qanlı və münaqişələr meydana çıxacaq.
Dünyada müharibələrə son qoymaq üçün öyrəniləcək praktiki model və məsafə uzaqda deyil – Ermənistanın kapitulyasiyasından sonra öz sülhpərvər siyasətinə sadiq qalaraq sülh təşəbbüsləri ilə beynəlxalq praktikaya yeniliklər gətirən Azərbaycan bu gün özünün unikal sülh modelini qlobal ictimaiyyətə təqdim edir.
29 dövləti birləşdirən AQEM kimi mötəbər bir təşkilata Sədrlik edən Azərbaycan təşkilatın fundamental prinsiplərinin – dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət, dialoq və qarşılıqlı etimad mühitinin genişlənməsi və digər başlıca vəzifələrin vacibliyini təşviq edir, bu prinsiplərin daha da möhkəmləndirilməsində fəal rol oynayır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb, siyasi dialoqun və iqtisadi həmrəyliyin möhkəmlənməsi, o cümlədən, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib.
Hazırda Azərbaycan Avrasiya məkanında birləşdirici siyasi-iqtisadi körpüyə çevrilməkdə daha fəal iştirak edir, Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında bağlantı və birləşdirici aktor kimi rolunu artırır.
Üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilən bu təşəbbüslər nəticəsində isə AQEM praktiki əməkdaşlıq məkanına, institusional və hüquqi baxımdan daha güclü təsisata və çevrilməkdədir. Həmçinin, rəsmi Bakının region və regiondan kənar ölkələrlə əməkdaşlığa verdiyi xüsusi töhfələrin nəticəsidir ki, AQEM üzvlərinin sayı genişlənir. Laosun təşkilata yeni üzv kimi qəbul edilməsi qurumun coğrafi əhatəsinin böyüməsi baxımından əlamətdar nəticə deməkdir.
Biz sözlə, Azərbaycan öz nümunəvi sədrliyi ilə AQEM-i möhkəmləndirməkdədir. Bu praktiki fəaliyyətin və təcrübənin nəticəsi kimi Azərbaycanın sədrliyinin daha iki il müddətinə uzadılması və Azərbaycan nümayəndəsinin təşkilatın yeni baş katibi seçilməsi ölkəmizə olan yüksək etimadın və sarsılmaz etibarın təzahürüdür.
