Xəbərlər
Fəzail İbrahimli: Üçrəngli bayrağımız mənliyimizin, öz dövlətimizə hakimliyimizin atributudur
«Milli dövlətçiliyimizin mühüm atributiv rəmzlərindən biri olan bayrağımız müstəqilliyimizin əzəmətini əks edirməkdədir. Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin əsaslarından biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsidir». Bu fikirləri tarix elmləri doktoru, professor Fəzail İbrahimli deyib.
F.İbrahimli bildirib ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalamışdı. Həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
«Bakıda üçrəngli Azərbaycan bayrağının ən hündür yerdə dalğalandırılması ilə ölkəmizin sahibinin azərbaycanlılar olduğu - milli müstəqillik və suverenliyin mövcudluğu bir daha dünyaya nümayiş etdirilir. Beləliklə, üçrəngli bayrağımız mənliyimizin, öz dövlətimizə hakimliyimizin atributudur»- deyə, F.İbrahimli vurğulayıb.