YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Romada Cənubi Qafqazın Avropa üçün önəmi təhlil olunub

Noyabrın 6-da Romada “İstituto Affari İnternazionali” (İAİ) “beyin mərkəzi”nin təşkilatçılığı ilə “Dəyişən geosiyasi kontekstdə Cənubi Qafqazın təhlükəsizlik çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilib.

İAİ-nin 5 ildir davam edən “Cənubi Qafqaz üzrə tədqiqatlar” proqramı çərçivəsində keçirilən növbəti tədbiri açan qurumun direktoru, professor Ettore Qreko Cənubi Qafqazın strateji baxımdan önəmli bir region olduğunu deyib. O vurğulayıb ki, tədbir bu bölgənin İtaliya üçün əhəmiyyətini ictimaiyyətə çatdırmaq məqsədi daşıyır.

Konfransın moderatoru, İAİ-nin aparıcı tədqiqatçısı xanım Nona Mikhelidze müzakirə olunacaq mövzular, gündəmdə duran məsələlərlə bağlı məlumat verib. Diqqətə çatdırıb ki, son illər müvafiq mövzuya marağın artması bu istiqamətdə daha çox tədbirlərin keçirilməsinə, fərqli yanaşmalara malik ekspertlərin bir araya gəlməsinə səbəb olub.

Müzakirə olunan mövzunun aktuallığına toxunan “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə dünyada cərəyan edən və sürətlə dəyişən geosiyasi proseslərin Cənubi Qafqazdan da yan keçmədiyini deyib. Diqqətə çatdırıb ki, bu region olduqca önəmli strateji nöqtədə yerləşir. Cənubi Qafqaz bölgəsi Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, önəmli enerji mənbələrinə çıxış nöqtəsidir. Avropanın hərbi, enerji və digər sahələrdə təhlükəsizliyinin təmin olunmasında bu regionun xüsusi payı var.

Cənubi Qafqazda balansın tənzimlənməsində, təhlükəsizliyin təmin olunmasında müxtəlif aktorların rolunu təhlil edən F.İsmayılzadə bölgədəki münaqişələrin bu məsələyə təsirsiz ötüşmədiyini bildirib. Vurğulayıb ki, bu xüsusda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bəzi Avropa aktorları ikili standart nümayiş etdirir. Bu da Qərbin bölgədəki nüfuzuna mənfi təsir göstərir. O deyib: “Hesab edirəm ki, Qərb regional münaqişələrin həllində daha qəti mövqe nümayiş etdirməli, bütün problemlərə eyni səviyyədə yanaşmalıdır”.

Türkiyənin Kadir Has Universitetinin professoru Lerna Yanık ölkəsinin Cənubi Qafqaz regionundakı rolunu analiz edib. O, xüsusilə bölgədəki münaqişələrin tənzimlənməsində və enerji balansının saxlanılmasında Türkiyənin təsirindən bəhs edib.

Londondakı LİNKS “beyin mərkəzi”nin direktoru Dennis Sammut və Estoniyanın Tartu Universitetinin professoru Andrey Makariçev çıxış edərək son illərdə Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasındakı əlaqələrə toxunublar. Qeyd edilib ki, bu bölgədəki ölkələrin hər birinə münasibətdə individual Avropa siyasəti həyata keçirilməlidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv