YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli tariximizin şanlı səhifəsi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyevin ötən  il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən iki il ötür. Prezident, Ali Baş Komandan İlham Əliyev ilk dəfə dövlət başçısı seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Cənab İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində böyük qürurla və əminliklə bildirdi ki, verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik.

Dövlət başçısı Xankəndi şəhərindən xalqa müraciətində tarixi Zəfərimizə qədər Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı da diqqətə çatdırdı  ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir

Prezident İlham Əliyev iqtisadi güc faktorundan məharətlə istifadə edərək Azərbaycanın regional qüdrətini və Cənubi Qafqazda liderliyini tamamilə təmin etdi. Dünyada dərin kök salmış ədalətsizlik və ikili standartlar mühitində ölkəmizə qarşı haqsızlıqlara rəğmən beynəlxalq təzyiqlərə əzmkarlıqla sinə gərərək düşmən üzərində Parlaq Qələbə qazandı və bu zəfəri həm də diplomatik meydanda təmin etdi. Zəfərimizin son akkordu olan Xankəndi əməliyyatlarının tariximizdə siyasi rəmz mənası isə Ulu Öndərin müqəddəs arzularının, vəsiyyətlərinin məhz “Heydər Əliyev İli”ndə tamamlanmasıdır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfə olmaqla, Ulu Öndərin vəsiyyətini də bütövləşdirdi.

Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Qarabağda təhsil ənənələrinin bərpası və yenidən təşkili məqsədilə ilk addım kimi Qarabağ Universiteti təsis edilib. 2024-cü il sentyabrın 19-da Xankəndinə səfəri çərçivəsində Prezident İlham Əliyevin Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışına qatılması, yeni təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşü, onların önündə çıxışı isə Xankəndinin həyatında əsl dönüş mərhələsinin başlanması kimi yadda qaldı. Qarabağ Universitetinin qapıları 36 ildən sonra azərbaycanlı tələbələrin üzünə açıldı. Bununla da Xankəndinə ilk köç başladı, şəhərin doğma sakinləri isə yaxın günlərdə öz evlərinə qovuşacaqlar.

Prezident İlham Əliyev imzaladığı müvafiq Sərəncama əsasən, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilməsi isə qürurverici tariximizin əbədiləşdirilməsi deməkdir.