Xəbərlər
“Azərbaycanın suverenliyi: Tarixi irs və müasir inkişaf”
Ağcabədidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın suverenliyi: Tarixi irs və müasir inkişaf” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Ağcabədi şəhər Qəhrəmanlar Parkında “Əbədi Məşəl” abidəsi ziyarət olunub.
Bayraq Muzeyində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın suverenlik tarixinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildiriblər ki, beynəlxalq hüquqla tanınmış ərazisində dövlət suverenliyini və konstitusiya quruluşunu tam bərpa edən Azərbaycan dövləti indi özünün bütün sərhədlərinə və sərhədləri daxilində ərazisinin hər nöqtəsinə nəzarət edir. Prezidentin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da bu prosesin məntiqi davamıdır.
Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Hacıyev, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov, Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin tarix müəllimi Nuranə Quliyeva, Ağcabədi Pedoqoji Kollecinin direktoru Bəxtiyar Əliyev Azərbaycan xalqının bütün dünyaya öz gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdiyini deyib, Dövlət Suverenliyi Gününün əhəmiyyətini vurğulayıblar.
Konfrans panel müzakirələrlə davam edib.