Xəbərlər
Tərtərdə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət suverenliyinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Vətən müharibəsi iştirakçısı baş leytenant Səbuhi İbrahimov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə bildiriblər ki, tarixin müxtəlif dövrlərində üzləşdiyi çətinliklərə, işğallara, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib.
Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərin, şəhidlərin qanı hesabına ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.
Azərbaycanın üçrəngli dövlət bayrağı azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanır.