YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar, strateji hədəflər

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirilmişdir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdur. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi qurulmuşdur.

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən ötən beş il tariximizə möhtəşəm Zəfər səhifələrini yazdı. Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın uğurlarından, yeni-yeni hədəflərə doğru inamla addımlamasından bəhs edirik. Bu gün Ağdamda, Füzulidə, Laçında, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Şuşada, Hadrutda, Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə olmağımızdan qürur hissi keçiririk.

Tariximizə, bayramlarımız sırasına 20 sentyabr - Dövlət Suverenliyi Günü daxil edilib. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlıdır. Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.

Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı. Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi. 2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi. Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı İkinci  Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

Dövlət başçısı İlham Əliyevin Sərəmcamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi də tariximizə yazılan əlamətdar hadisələrdəndir. Şəhər günləri tarixi Zəfərə, suverenliyimizin tam bərpasına gedən yolun daim xatırlanmasında, bu günkü və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günüdür. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Xocalı, Xocavənd rayonlarına, Xankəndi şəhərinə səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bir daha bildirdi ki, bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq.