Xəbərlər
“Suverenlik - Milli İradəmizin Zəfəri”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı tərəfindən 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə “Suverenlik - Milli İradəmizin Zəfəri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Zərdab şəhər Şəhidlər Xatirə Parkı ziyarət olunub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev Dövlət Suverenliyi Gününün təsis edilməsinin Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğunu qeyd edib. O vurğulayıb ki, məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan tənəzzüldən rifaha doğru irəliləyib. Bu gün ölkəmiz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin dəmir iradəsi ilə özünün ən qüdrətli dövrlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı azad etməklə, ölkəmizin suverenliyini bərpa edib və dövlətimizin təməlini daha da möhkəmləndirib.
Tədbirdə çıxış edən partiya fəalları Emin Eminov, Ceyran Ağayeva və Neman Yediyarov qeyd ediblər ki, qazanılan şanlı Zəfər nəticəsində Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Sonda yubiley yaşı olan partiya fəallarına təşəkkürnamə və hədiyyələr təqdim edilib. Partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilib.