YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda ali məktəblərə yüksək balla qəbul olunan gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 2024–2025-ci tədris ilində ali məktəblərə yüksək balla qəbul olunan gənclərlə görüş keçirilib.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, məktəb direktorları, müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri və qəbul imtahanlarında uğur qazanmış məzunlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova cari tədris ilinin yekunlarına dair təqdimatla çıxış edərək rayon üzrə ümumtəhsil məktəblərinin nəticələri barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə 222 nəfər məzun olub, onlardan 103 nəfər ali təhsil müəssisələrinə qəbul edilib.

Ali məktəblərə yüksək balla qəbul olunan məzunlar – Xatirə Cəfərova, Şəms Carçallı və Aysel Bağırova çıxış edərək, təhsil sahəsinə dövlət dəstəyini xüsusi vurğulayıblar. Qeyd olunub ki, əldə olunan uğurlar təkcə fərdi nailiyyətlər deyil, həm də ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov gəncləri və onların valideynlərini təbrik edərək təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan təhsil sistemi müasir tələblərə uyğun olaraq daim yenilənir, ali məktəblərin beynəlxalq reytinqlərdə mövqeyi ildən-ilə yüksəlir. Dövlət tərəfindən təhsilin inkişafına, gənclərin hərtərəfli bilik və bacarıqlar qazanmasına, onların intellektual və mənəvi inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində gənclərin elmi biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda formalaşması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov isə ali məktəblərə qəbul olunan gənclərə tələbəlik illərində uğurlar arzulayıb. O bildirib ki, gənclərlə görüşmək və onların sevincini bölüşmək hər birimiz üçün həm qürurverici hiss, həm də böyük məsuliyyətdir: “Sevindirici haldır ki, Pirallahı gəncləri də yüksək nəticələrə nail olur, qazandıqları uğurlarla həm rayonun, həm də ölkənin sosial-iqtisadi və intellektual inkişafına töhfələr verirlər. Əldə olunan nəticələr mühüm nailiyyətdir, lakin bu, yolun yalnız başlanğıcıdır. Qarşıda məzunlarımızı daha məsuliyyətli, çətin, eyni zamanda şərəfli bir inkişaf mərhələsi gözləyir. Bu mərhələdə biliklərə ardıcıl yiyələnmək, peşəkar formalaşmaq və Vətənə layiqli vətəndaş olmaq əsas vəzifələrdəndir”.

Daha sonra qəbul imtahanlarında yüksək nəticə göstərən gənclər, həmçinin rayonun ictimai-mədəni həyatında fərqlənən müəllimlər YAP Pirallahı rayon təşkilatı və Pirallahı RİH tərəfindən fəxri fərmanlar və hədiyyələrlə təltif olunublar.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.

DİGƏR Xəbərlər Arxiv