YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan – regionda sülh və sabitliyin qarantı

Samir Baxşiyev

YAP Siyəzən rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına müsahibə vermiş və həmin müsahibə 26 avqust 2025-ci il tarixində həmin telekanalda yayımlanmışdır. Müsahibə zamanı müxtəlif məzmunlu sualları cavablandıran dövlətimizin başçısı mühüm mesajlar verməklə yanaşı, ölkəmizin beynəlxalq sistemdə tutduğu mövqedən və yürütdüyü uğurlu xarici siyasətdən bəhs etdi.

Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmayla bağlı sualı cavablandıran cənab Prezident qeyd etmişdir ki, “Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır”. Dövlətimizin başçısı xüsusi vurğulamışdır ki, bu razılaşma Azərbaycanın mövqeyi və ədalətli tələbləri əsasında hazırlanmış, sülhə gedən yolun ilk addımı olmuşdur. Həmçinin cənab Prezident müsahibəsində Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesindən, Zəngəzur dəhlizindən, Azərbaycan-İran və Azərbaycan-Rusiya münasibətlərindən, ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqedən və Türk Dövlətləri Təşkilatında ölkəmizin fəaliyyətindən və qarşıya qoyduğu məqsədlərdən geniş bəhs etdi. Möhtərəm cənab Prezidentin ona ünvanlanan suallara verdiyi dolğun cavablar bir daha dövlət başçımızın yüksək intellektə və dünyagörüşünə malik praqmatik siyasətçi olduğunu bütün dünyaya nümayiş etdirdi.

Hazırda dünya yeni çağırışlarla üz-üzədir. Dünyanın mövcud geosiyasi vəziyyətinin mürəkkəbliyi fonunda qlobal siyasi sistemdə mühüm mərhələnin əsası qoyulmuşdur.  Azərbaycanın son illərdə xarici siyasətdə atdığı uğurlu addımlar və ölkəmizin əldə etdiyi nailliyyətlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırmış və Azərbaycan regionda söz sahibi ölkələrdən birinə çevrilmişdir. Xarici siyasətimizin əsasını dünya və region ölkələri ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq təşkil edir. Cənab Prezidentin “Əl-Ərəbiyyə” kanalına müsahibəsi bir daha göstərdi ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarıdır. Dövlət başçısının mesajları həm regional, həm də beynəlxalq ictimaiyyətə açıq çağırışdır. Artıq münaqişələr dövrü bitmişdir, qarşıda isə sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açılır.Azərbaycan dövləti olaraq bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, sülh və qarşılıqlı əməkdaşlığa əsaslanıb. Çünki biz inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazanmaq mümkündür.