Xəbərlər
Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
“Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər. Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun ola bilsin gələn il hazır olacağını gözləyirik.” Dövlət başçısı İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində diqqət göstərdiyi məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar oldu. Bu məqamı xüsusi qeyd etdi ki, təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir: “Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.
Son illərdə Azərbaycanda nəqliyyat və logistika infrastrukturunun inkişafına diqqət xeyli artıb. Xəzər dənizində inşa olunan, Cənubi Qafqazın ən böyük limanının əhatə dairəsi genişləndirilir. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artmaqla rəqəmsallaşma prosesi gedir. Görülən işlər Orta Dəhlizin önəmini daha da artırır. İnşası sürətlənən bu infrastrukturun reallaşması, eyni zamanda, Zəngəzur dəhlizinin gerçəkləşməsi imkanlarını da artırır.
Prezident İlham Əliyev sözügedən müsahibəsində onu da qeyd etdi ki, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək.
Dövlət başçısının müsahibəsində Azərbaycanın enerji diplomatiyasına da xüsusi diqqət yönəldildi. Əlaqələrin inkişafında enerji faktoru əsasdır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsini təmin etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin reallaşması ölkələri, xalqları birləşdirir. Azərbaycanın təbii qaz ixracının əsas istiqaməti Avropadır. Hazırda 10 ölkəyə qaz satılır və 2030-cu ilə qədər ixrac həcminin daha da artırılması planlaşdırılır. Bununla belə, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan qazının Yaxın Şərq bazarına çıxışı perspektivindən də danışdı. Bu, Azərbaycanın enerji siyasətinin şaxələndirilməsi və yeni bazarlara inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Körfəz ölkələri ilə əməkdaşlıq yalnız qaz və neftlə məhdudlaşmır. Bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı əsas investorlar qismində çıxış edirlər. Bu, Azərbaycanın yaşıl enerji xəritəsini həyata keçirməsinə şərait yaradır və ölkəni enerji tranzitindən əlavə həm də enerji istehsalçısı və ixracatçısı kimi möhkəmləndirir.
Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri ölkələr arasında körpü rolunu daha da möhkəmləndirir və yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar yaradır. Azərbaycan bu gün tranzit ölkə kimi dünyanın diqqətindədir.