Xəbərlər
Azərbaycan ilə Türkmənistan xalqları arasında münasibətlərin tarixi qədimdir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
“Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır.” Bu günlərdə Türkmənistanda işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyev keçirdiyi görüşlərdə onu da qeyd etdi ki, iyul ayında onun dəvəti ilə Qurbanqulu Məlikquliyeviç Azərbaycanda səfərdə idi. Biz iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bərabər olmuşuq və bir çox məsələləri müzakirə etmişik. Mövqelərimiz də üst-üstə düşür. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.
Azərbaycan ilə Türkmənistan xalqları arasında münasibətlərin tarixi qədimdir. Azərbaycanlıları və türkmənləri eyni kök, mədəniyyət, qədim tarixi ənənələr, eyni zamanda, dil və din eyniliyi birləşdirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir.
Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da yaradılıb. O vaxtdan indiyədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb.
Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqlərin inkişafı əsas yer tutur. Bu məqsədə uyğun olaraq əlaqələrimiz həm iki, həm də çoxtərəfli çərçivədə uğurla inkişaf edir. Hazırkı dövrün əsas çağırışlarından biri Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da möhkəmləndirməkdir. Cənab İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində yeni əməkdaşlıq formatının yaradılması istiqamətində atılan addım bu birliyə böyük töhfə kimi dəyərləndirilir. Türkmənistan-Azərbaycan-Özbəkistan yüksəksəviyyəli görüşü çərçivəsində mühüm məsələlər müzakirə edildi, əlaqələrin inkişafına yönələn sənədlər imzalandı, Liderlər mətbuata birgə bəyanatla çıxış etdilər. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bəyanatında bildirdi ki, bugünkü görüş çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır. Danışıqlar çərçivəsində əməkdaşlığın müxtəlif aspektlərini, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələsini, - xüsusən siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə, - müzakirə etdik. Bu gün Türkmənistan, Azərbaycan və Özbəkistan açıq dialoq aparır, əməkdaşlıq edir və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də bir-birinin təşəbbüslərini dəstəkləyir. Dialoq bərabərhüquqlu əsasda, təkcə üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsi məqsədilə bütün region çərçivəsində aparılır. Bu qarşılıqlı fəaliyyət bizə bütün regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğuladı ki, bizim görüşümüz xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi. Coğrafi mövqeyi, iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə qarşılıqlı əlaqələri nəzərə alaraq belə bir əməkdaşlıq hamımız üçün faydalı olacaq. Dövlətimizin başçısı İlham Əliyev isə qeyd etdi ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun.