YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda inkişaf və quruculuğun təminatçısıdır

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə növbəti səfəri həm tarixi, həm də strateji məna daşıyır. 32 ildən sonra doğma torpaqlarına qayıdan kəlbəcərlilər artıq yeni quruculuq mərhələsinin şahididirlər. Dövlət başçısının iştirakı ilə mənzillərin açarlarının təqdim olunması, yeni yaşayış komplekslərinin təməlinin qoyulması, kiçik su elektrik stansiyalarının və sosial obyektlərin açılışı Böyük Qayıdış proqramının ardıcıl uğurlarını göstərir.

Kəlbəcərin işğalı Azərbaycan üçün ən böyük faciələrdən biri idi. Bu bölgənin strateji mövqeyi Ermənistanla keçmiş separatçı qurum arasında birləşmə xətti yaratmışdı. Prezident İlham Əliyev səfər çərçivəsində çıxışında vurğuladı ki, ovaxtkı rəhbərliyin xəyanətkar siyasəti nəticəsində Azərbaycan torpaqları işğal olunmuş, böyük faciələr baş vermişdir. Lakin xalqımız heç vaxt bu reallıqla barışmadı və 2020-ci ildə qazanılan Qələbə 2023-cü ilin antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu.

Prezident qeyd etdi ki, Azərbaycan dövlətinin qətiyyətli siyasəti nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu, separatizm birdəfəlik ləğv edildi. Bu gün isə Azərbaycan regionda sülhün müəllifidir. Ermənistanla imzalanmış sənədlər ölkəmizin milli maraqlarını tam təmin edir, Naxçıvanla quru əlaqəsinin bərpası da tarixi uğurlarımız sırasındadır.

Kəlbəcər artıq dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Yeni yaşayış kompleksləri, məktəblər, yollar, enerji infrastrukturu və sosial obyektlər ard-arda istifadəyə verilir. Prezidentin sözləri ilə, işğal dövründə viran qoyulan şəhər və kəndlərimiz bu gün yenidən canlanır: “Onlar dağıdıblar, biz isə qururuq, yaradırıq”. Bu həm də Azərbaycan xalqının böyüklüyünün, dövlətin qüdrətinin bariz nümunəsidir.

Azərbaycan güclü ordusu və qüdrətli iqtisadiyyatı ilə regionun aparıcı dövlətinə çevrilib. Prezident İlham Əliyev Kəlbəcərdəki çıxışında xüsusi olaraq bildirdi ki, ölkəmiz həm döyüş meydanında, həm də diplomatik masada qalib gəldi. Azərbaycan sülhün, inkişafın və quruculuğun təminatçısıdır.

Prezident İlham Əliyevin Kəlbəcərə səfəri Böyük Qayıdışın növbəti mərhələsinin başlanğıcıdır. Bu səfər həm Zəfərin, həm də sülhün rəmzidir. Kəlbəcər artıq dağıntılarla deyil, yeni həyatla, quruculuqla, ümid və xoşbəxtliklə anılır. Azərbaycan xalqı isə bir daha sübut etdi ki, ədalət uğrunda mübarizə aparan millət heç vaxt məğlub olmur.

DİGƏR Xəbərlər Arxiv