Xəbərlər
İndiyədək Azərbaycandan dünya bazarlarına 396 milyon ton neft ixrac edilib
Bu il noyabrın 1-dək dünya bazarlarına 396 milyon ton Azərbaycan nefti çıxarılıb. Həmin neftin 288 milyon tonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə, qalan hissəsi isə Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri və dəmir yolu ilə ixrac edilib.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Bakıda keçirilən illik Xəzər texniki konfransındakı çıxışında məlumat verib. X.Yusifzadə qeyd edib ki, bu ilin yanvar-oktyabr aylarında isə Azərbaycandan dünya bazarlarına 28 milyon ton neft ixrac edilib. Bu həcmin 24 milyon tonu BTC ilə nəql olunub.