Xəbərlər
Ümumxalq partiyası bütün sınaqlardan şərəflə çıxıb
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ötən dövrdə rayon təşkilatının fəaliyyəti Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrə uyğun qurulub: “Ərazi partiya təşkilatları ilə işinin səmərəliliyinin artırılması, üzvlərin ictimai-siyasi fəallığının yüksəldilməsi, gənclərin və qadınların partiya sıralarında iştirakının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Partiya fəalları qoyulan vəzifələrin icrasına öz töhfələrini verməkdədirlər”.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır və cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirib. O qeyd edib ki, Qax rayonunda da partiyanın yerli təşkilatı fəaliyyətini ardıcıl şəkildə quraraq ictimai-siyasi proseslərdə fəal iştirak edir. Bildirilib ki, rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, abadlıq-quruculuq işləri və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər insanların gündəlik həyatına müsbət təsir göstərir. Elvin Paşayev YAP Qax rayon təşkilatının bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, ümumxalq partiyası olan YAP bütün sınaqlardan şərəflə çıxıb. Yeni Azərbaycan Partiyası uzun illər ərzində ölkənin ictimai-siyasi həyatında özünəməxsus mövqeyini qoruyub saxlayaraq mühüm uğurlara imza atıb. Onun sözlərinə görə, partiyanın gücü yalnız çoxsaylı üzvlərə malik olması ilə deyil, eyni zamanda müxtəlif bölgələrdə fəaliyyət göstərən yerli təşkilatların səmərəli fəaliyyəti ilə də şərtlənir.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xəqani Hüseynov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı yeni mərhələdə fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirib. Bildirilib ki, qurultaydan sonra partiyanın strukturunun daha da təkmilləşdirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, üzvlərlə işin keyfiyyətinin yüksəldilməsi və müasir çağırışlara uyğun təşkilatlanma mexanizmlərinin tətbiqi istiqamətində mühüm tədbirlər görülüb.
“Səhiyyə işçiləri” ərazi partiya təşkilatını sədri Əfqan Babayev, Qax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin layihələr üzrə mütəxəssisi Elmir Həşimli görülən işlərin əhəmiyyətindən bəhs ediblər.
Konfransda YAP Qax rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
