YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlıq və sülhün üçün yeni səhifə

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfəri ikitərəfli münasibətlərdə və regional sülh prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanmış, tarixi qərarlar qəbul edilmiş və Azərbaycanın milli maraqlarının qorunması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Prezident İlham Əliyev səfərin nəticələrini “tarixi nailiyyət” kimi xarakterizə edərək, ABŞ ilə strateji tərəfdaşlığın qurulmasının Azərbaycan üçün böyük imkanlar və öhdəliklər yaratdığını vurğulayıb.

Səfərin əsas nəticələrindən biri əlbəttə ki, Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində addımın atılmasıdır. Prezidentlər İlham Əliyev və Donald Tramp tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu"na əsasən, növbəti 6 ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası hazırlanacaq və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq gücləndiriləcək. Burada qarşılıqlı investisiya və ticarət, energetika, nəqliyyat və transit, süni intellekt və rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə prioritet sahələr arasındadır. Prezident İlham Əliyev Ağ Evdə mətbuata verdiyi bəyanatda qeyd etdi: “Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu, Azərbaycan üçün tarixi nailiyyətdir, çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur”.

Səfər zamanı həmçinin ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqi dayandırıldı. 1992-ci ildə qəbul edilmiş bu düzəliş Azərbaycanı ədalətsiz sanksiyalara məruz qoymuşdu və onun ləğvi ikitərəfli münasibətlərdə mənfi mirası aradan qaldırmaq baxımından rəmzi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu qərarı “ədalətin bərpası” kimi qiymətləndirərək, Bayden administrasiyası dövründə münasibətlərin “itirilmiş illər” olduğunu vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilmiş və bu görüşün nəticəsində Birgə Bəyannamə imzalanıb. Birgə Bəyannamənin əsas müddəalarına “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə birgə müraciət, regionda kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi daxildir. Bununla bağlı Prezident İlham Əliyev deyib: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Prezident Tramp Qafqaza sülh gətirir”. Dövlət başçısı həmçinin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyini vurğulayaraq, sülh sazişinin tezliklə imzalanacağını qeyd edib. Prezident Trampın sülh prosesindəki rolunu yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev onun Nobel Sülh Mükafatına layiq olduğunu təklif etmiş və Ermənistan rəhbəri ilə birgə müraciət hazırlamaq istəyini ifadə etmişdir.

Səfər enerji sahəsində də mühüm nailiyyətlərlə yadda qalıb. Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın "ExxonMobil" korporasiyası arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanmışdır. Sənəd Azərbaycanda neft və qaz imkanlarının dəyərləndirilməsini nəzərdə tutur və böyük yataqların kəşfinə yönəlib. Bundan əlavə, tranzit və rabitə sahələrində yeni layihələr, o cümlədən TRIPP marşrutu vasitəsilə regionun iqtisadi inkişafı müzakirə edilib. Prezident İlham Əliyev vurğulayıb ki, bu layihələr Azərbaycanı daha güclü tranzit ölkəyə çevirəcək və Ermənistan üçün də imkanlar yaradacaq.

Prezident İlham Əliyevin ABŞ səfəri Azərbaycanın xarici siyasətində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Səfər nəticəsində ikitərəfli münasibətlər gücləndirilmiş, regional sülh prosesi sürətləndirilmiş və iqtisadi əməkdaşlıq üçün yeni qapılar açılmışdır. Səfər, həmçinin Azərbaycan haqqında yayılmış yanlış təsəvvürləri və anti-Azərbaycan narrativləri iflasa uğratmışdır. Prezident İlham Əliyev ABŞ mediasının qərəzli münasibətini tənqid edərək, ölkəmizin etnik və dini müxtəlifliyini, multikulturalizmini vurğulamışdır. Ümumilikdə, bu səfər Azərbaycanın qlobal arenada mövqeyini möhkəmləndirmiş və Cənubi Qafqazda sabitlik və rifahın təmin edilməsinə töhfə vermişdir.